Accessibility links

Urmiyədə “Ozanlar Günəşi” adlı musiqi albomu nəşr edilir [Video]


Aşıq Dərviş Vahabzadə (1923 - 1993)

Aşıq Dərviş Vahabzadə (1923 - 1993)

İslami Təbliğat Təşkilatının incəsənət dairəsi Urmiyə Aşıq Məktəbinin ən məşhur fiquru kimi tanınan mərhum Aşıq Dərviş Vahabzadənin ifa etdiyi mahnılardan ibarət olan “Ozanlar Günəşi” adlı bir musiqi albomunu bu yaxınlarda buraxılacağını bildirib.

İncəsənət dairəsinin Qərbi Azərbaycan şöbəsi rəsmi veb səhifəsində yayılan məlumatda 1993-cü ildə vəfat edən Aşıq Dərvişin ifa etdiyi “İpək Yolu” nağılları seriyasından ibarət olan musiqi albomu dairənin Urmiyədəki musiqi mərkəzində hazırlanıb.

İslami Təbliğat Təşkilatının incəsənət dairəsi bundan əvvəl də Qərbi Azərbaycan vilayəti aşıqlarının iştirakı ilə müxtəlif tədbirlər keçirməklə yanaşı Urmiyə Aşıq Məktəbi ilə əlaqədar bir çox musiqi layihələri təşkil edib.

Urmudan Gələn Səslər (Aşıq mahnıları antologiyası)

Urmudan Gələn Səslər (Aşıq mahnıları antologiyası)

Qurum o cümlədən, ötən illərdə 3 seriyadan təşkil olunan “Urmudan Gələn Səslər” adlı musiqi antologiyasını nəşr edib. AntologiyadaUrmiyədən əlavə Xoy, Salmas, Sulduz (Nəğədə) və Qoşaçay kimi şəhərlərdə yaşayan Urmiyə Məktəbinin tanınmış aşıqlarının ifaları yer alır.

İran Azərbaycanının qərbi, xüsusilə Türkiyə sərhədində yerləşən bölgələrə məxsus Urmiyə Aşıq Məktəbinin təməli 18-19-cu əsrlərdə Dollu Mustafa, Balovlu Miskin və Qul Hartun tərəfindən qoyulub.

Bu məktəbin əsas xüsusiyyətlərindən biri türklərlə yanaşı, aysorlar (Assyrian) və ermənilər kimi digər etnik qruplara məxsus musiqiçilər tərəfindən də təmsil edilməsi, habelə vilayətdə yaşayan şiə, sünni, ələvi və xristianlar arasında geniş yayılması və bütün bu qruplar arasında ustad ifaçıların yetişdirilməsindən ibarətdir.

XS
SM
MD
LG