Accessibility links

ABŞ-da Atalar günü qeyd edilir


ABŞ prezidenti Barak Obama böyük qızı Maliya ilə
ABŞ prezidenti Barak Obama böyük qızı Maliya ilə

ABŞ-da bu il Atalar günü Florida ştatının Orlando şəhərinin gey klubunda 49 nəfərin ölümü, 53 nəfərin isə yaralanması ilə nəticələnmiş kütləvi qətl hadisəsindən bir həftə sonra qeyd edilir.

Prezident Barak Obama Amerika xalqına Atalar günü münasibətilə həftəlik müraciətində "bizim bir-birimiz qarşısında olan məsuliyyətimiz" haqda daha çox düşündüyünü deyib.

O, amerikalılara çox sadə bir tövsiyə verib: "Gəlin unutmayaq ki, bir-birimizi sevməklə daha çox naliyyət əldə edə bilərik."

Atalar günü ənənəsi yaxın insanların itkisi ilə əlaqədar qeyd edilməyə başlayıb. Bu ənənənin əsası 1908-ci il iyulun 5-də Qərbi Virciniya ştatındakı kilsədə bundan bir il əvvəl mina partlayışı zamanı həyatını itirmiş 362 insanın xatirəsinin anılması zamanı qoyulub.

Bundan bir il sonra Vaşinqton ştatının Spokane şəhərində dul qalmış atasının böyütdüyü bir qadın kişilər üçün Analar gününə oxşar bir günün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. Qadının səyləri müvəffəq olub və 1910-cu ildə Vaşinqton ştatında ilk dəfə olaraq Atalar günü qeyd edilməyə başlayıb.

1920-ci və 1930-cu illərdə Analar və Atalar gününün Valideynlər günü kimi birlikdə qeyd edilməsi təşəbbüsü irəli sürülüb. Lakin bundan sonra İkinci Dünya müharibəsi başlayanda vətən uğrunda döyüşən əsgərlərin şərəfinə Atalar gününün qeyd edilməsi çağırışları güclənib.

Bu çağırışlar nəticəsində müharibənin sonunda Atalar günü artıq ölkənin hər yerində qeyd edilməyə başlayıb.

1972-ci ildə prezident Riçard Nikson Atalar gününü milli bayram günü elan edib.

XS
SM
MD
LG