Accessibility links

ABŞ-ın BMT-dəki səfiri Süzan Raysın Dövlət katibi vəzifəsinə namizədliyini geri çəkməsi Massaçusets ştatından demokrat senator Con Kerrini bu vəzifəyə əsas namizəd edir.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri və 2004-ci ildə ABŞ prezident seçkisində demokrat partiyasının rəsmi namizədi olmuş Con Kerrinin prezident Obama tərəfindən nominasiya edilsə, Senatdakı həmkarları tərəfindən asanlıqla Dövlət katibi vəzifəsinə təsdiq ediləcəyi gözlənilir.

Obama tərəfdarı olmuş 69 yaşlı senatorun prezident hələ Hillari Klintonu seçmədən əvvəl dövlət katibi vəzifəsinə gələcəyi gözlənilirdi. Klinton prezident Obamanın ikinci dönəm hakimiyyəti dövrü vəzifəsindən gedəcəyini artıq dəfələrlə bəyan edib.

Dövlət katibi vəzifəsinə daha bir potensial namizəd kimi Nebraska ştatından keçmiş senator Çak Heygelin də adı çəkilir. Respublikaçı senator prezident Obamanın yeni kabinetində Leon Panettanı Müdafiə naziri vəzifəsində əvəz edə biləcək ən güclü namizədlərdən biri hesab edilir.

Con Kerri və Çak Heygelin seçilməsi ABŞ-ın xarici siyasət sahəsinə iki müharibə veteranının gəlişi demək olacaq. Kerri hərbi dəniz qüvvələri, Heygel isə orduda xidmət edib.

Prezident Obama həmçinin yeni kabinetində keçən həftə ailədən kənar münasibətlərə görə istefa vermiş Deyvid Petreasın yerinə Mərkəzi Kəşfiyyat İdarəsinə də rəhbər vəzifəyə namizəd göstərməlidir.

Cənab Obamanın ikinci müddətə prezident kimi andiçmə mərasimi yanvarın 21-də keçiriləcək.
XS
SM
MD
LG