Accessibility links

Kuba və Amerika rəsmilərinin bildirdiyinə görə, ABŞ prezidenti Barak Obama və onun kubalı həmkarı Raul Kastro bu gün Panama şəhərində başlaması planlaşdırılan tarixi Amerika Sammitindən öncə telefonla danışıb.

Ağ Evin yüksək vəzifəli rəsmisi Amerikanın Səsinə bildirib ki, iki prezidentin telefon söhbəti çərşənbə günü Obama Yamayka və Panamaya yola düşməmişdən öncə baş tutub. Kubanın dövlətə məxsus Milli İnformasiya Agentliyinin direktor müavini də liderlərin telefon danışığını təsdiq edib.

Panama paytaxtına dünən çatan prezident Obama ilk dəfə olaraq kommunist Kubanın daxil olduğu Amerika Sammitində iştirak etməyi planlaşdırır.

Heç bir rəsmi görüş planlaşdırılmasa da, Amerikanın Səsinin Ağ Ev müxbirinin məlumatına görə, rəsmilər prezident Obamanın cənab Kastro ilə təmas quracağını təsdiq edib.

Sammitdən kənar ABŞ dövlət katibi Con Kerri dünən axşam kuba xarici işlər naziri ilə görüşüb. Bu, son on illiklərdə iki dövlət arasında ən yüksək səviyyəli görüşdür.

Dövlət Departamentinin rəsmisi bildirib ki, cənab Kerrinin xarici işlər naziri Bruno Rodrigezlə söhbəti çox konstruktiv olub və hər iki tərəf əlaqələrdə inkişaf olduğunu söyləyib.

Rəsmilər görüşün detalları barədə açıqlama verməsə də, hər iki tərəfin həll olunması vacib olan məsələlər barədə işi davam etdirəcəyini bildirib.

XS
SM
MD
LG