Accessibility links

ABŞ prezidenti Barak Obama Havanada Kuba xalqına birbaşa müraciətində deyib ki, Birləşmiş Ştatlar və Kuba soyuq müharibə dövrünün fikir ayrılıqlarını bir tərəfə qoyub, hər iki ölkənin rifahı naminə yeni gələcəyə doğru addımlamalıdır.

ABŞ və Kuba arasında mürəkkəb münasibətlərin olduğunu etiraf edən prezident Obama Kuba xalqına sülh mesajı göndərib. “Mən Kuba xalqına dost əlini uzatmaq üçün gəlmişəm”- deyə Obama televiziya ilə yayımlanan çıxışı zamanı bildirib.

ABŞ prezidenti Barak Obamanın Kuba prezidenti Raul Kastro tərəfindən rəsmi qəbulu

ABŞ prezidenti Barak Obamanın Kuba prezidenti Raul Kastro tərəfindən rəsmi qəbulu

Havananın tarixi El Gran teatrında toplaşan insanlar qarşısında çıxış edən prezident Obama habelə deyib: “Havana Floridadan 140 kilometrlik məsafədə yerləşir, lakin buraya yetişmək üçün uzun tarixi və ideoloji sədləri, ağrı və ayrılıq sədlərini aşmalı olduq.”

Obama bildirib ki, Vaşinqton və Havana hökumətləri arasında fərqlər real və mühümdür, lakin hər iki tərəf münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə davam edə bilər.

“Mən Kuba xalqına dost əlini uzatmaq üçün gəlmişəm”-prezident Barak Obama

Prezident Obama səfərini başa vurmazdan əvvəl Tampa Bey Rays besbol komandası ilə Kubanın milli komandası arasında matçı izləyəcək.

Obamanın Havanada teatrda çıxışı onun Kubaya tarixi səfərinin ən mühüm məqamlarından biri hesab edilir.

Bazar ertəsi prezident Obama Kuba prezidenti Raul kastro ilə görüşüb. ABŞ prezidenti iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin inkişaf etməsi məqsədi daşıyan görüşün səmimi şəraitdə keçdiyini bildirib.

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar və Kuba arasında əlaqələrdə irəliləyiş əldə olunmasını vurğulamasına baxmayaraq, iki ölkə arasında demokratiya və insan haqları məsələlərində ciddi fikir ayrılıqlarının qaldığını etiraf edib.

Obamanın sözlərinə görə o, Kastroya Birləşmiş Ştatların insan hüquqlarını müdafiə etməyə davam edəcəyini aydın şəkildə bildirsə də, Kubanın taleyinin ABŞ deyil, kubalılar tərəfindən müəyyən ediləcəyini deyib.

XS
SM
MD
LG