Accessibility links

Obama: Mətbuat azadlığı probeminin olduğu bütün ölkələrin liderlərilə görüşdə bu məsələni qaldırırıq


ABŞ prezidenti Barak Obama bu yaxınlarda Ağ Evdə Beynəlxalq Mətbuat günü münasibətilə jurnalistlərlə görüşü zamanı ABŞ və Rusiya arasında münasibətlərə geniş yer verib. Prezident Obama ilə görüşə dəvət edilən jurnalistlər arasında Amerikanın Səsinin Rus xidmətinin müxbiri Fatima Tlisova da olub. Əslən Şimali Qafqaz bölgəsindən olan Fatima Tlisova korrupsiya və insan oğurluğu haqda jurnalist araşdırmaları aparıb. Jurnalist fəaliyyəti ilə əlaqədar Tlisova hücumlara məruz qalıb, oğurlanıb və ona işgəncə verilib. Bir neçə il bundan əvvəl ABŞ-a mühacirət edərək, Amerikanın Səsində çalışmağa başlayan jurnalist Şimali Qafqaz bölgəsində radikal islam təhlükəsi məsələləri haqda reportajlar hazırlayıb. Fatima Tlisova hazırda Boston şəhərində çeçen mənşəli Cövhər Tsarnayevin iki il bundan əvvəl marafon zamanı qardaşı ilə bərabər törtədiyi bomba hücumlarında ittiham edildiyi məhkəmə prosesini işıqlandırır.

Amerikanın Səsinin Rus xidmətinin jurnalisti Fatima Tlisova Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşdə

Amerikanın Səsinin Rus xidmətinin jurnalisti Fatima Tlisova Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşdə

ABŞ prezidenti Barak Obama dünya ölkələrində mətbuat üzvlərinin qarşılaşdığı risklər, jurnalistlərlə qəddar rəftar və senzuranın tətbiq edilməsi kimi məsələlərə toxunub. Daha sonra o, Fatima Tlisovanın ABŞ-Rusiya münasibətlərinin bugünkü durumu ilə bağlı sualına ətraflı cavab verib.

ABŞ prezidenti deyib ki, onun administrasiyasının hakimiyyətə gəldiyi zaman atdığı ilk addımlardan biri Rusiya ilə münasibətlərin yenidən qurulması olub: “Biz Rusiyanın Gürcüstana müdaxiləsindən sonra münasibətlərin yenidən qurulması təşəbbüsü ilə çıxış etdik. Mən prezident Medvedevlə müsbət münasibətlər qura bilmişdim. Biz nüvə silahlarına nəzarətdən tutmuş Rusiya iqtisadiyyatının müasirləşdirilməsinə qədər müxtəlif məsələlərdə inkişaf əldə etmişdik. Mənim səfərlərimin hər birində mən müxalif qruplarla görüşmüşəm və məndə olan qənaət bu idi ki, münasibətlər düzgün istiqamətdə gedir. Mən mətbuata və vətəndaş cəmiyyətinə məhdudiyyətlərlə bağlı narahatlıqlarımı ifadə edə bilirdim. Prezident Medvedevlə münasibətlər güclü olduğuna görə mənim dediklərimin bir təsiri var idi.”

"Biz də aqressiv olub çox sərt danışanda, o zaman hökumətlər bundan yerli jurnalistlər, ya da vətəndaş cəmiyyəti nümayəndələrini etibardan salmaq üçün istifadə edib, onları ABŞ-ın xarici siyasətini dəstəkləyən müqəvvalar, ya da alətlər adlandırır.”-ABŞ prezidenti Barak Obama

Prezident Obama qeyd edib ki, Rusiyada prezident Putinin hakimiyyətə gəlişindən sonra jurnalistlər və vətəndaş cəmiyyətinə qarşı təqiblər və eyni zamanda, Birləşmiş Ştatların bu təşkilatları maliyyələşdirməsilə bağlı ittihamlar irəli sürülməyə başladı: “Birləşmiş Ştatların bu vətəndaş cəmiyyəti qruplarını maliyyəşdirməsinin casusluq məqsədilə edilməsinə dair ittihamlar və Birləşmiş Ştatların hökuməti sabitsizləşdirməyə çalışmaq ittihamları irəli sürüldüyünü gördük. Bizim müzakirələrə təsir etmək imkanlarımız baxımından daha artıq məhdudiyyətlər tətbiq edilməyə başladı. Bu da bizim hər zaman fikir verməli olduğumuz narhatlıqlarından birinə çevrildi. Biz də aqressiv olub çox sərt danışanda, o zaman hökumətlər bundan yerli jurnalistlər, ya da vətəndaş cəmiyyəti nümayəndələrini etibardan salmaq üçün istifadə edib, onları ABŞ-ın xarici siyasətini dəstəkləyən müqəvvalar, ya da alətlər adlandırır.”

ABŞ prezidenti deyib ki, buna görə Birləşmiş Ştatlar bəzən tənqidlərin ünvana çatmadığı halda da, narahat doğuran məsələlərlə bağlı öz mövqeyini bildirməyə davam edəcək: “Mən bir məsələni vurğulamaq istəyirəm. Mətbuat azadlığı ilə bağlı ciddi problemlərin olduğu yerlərdə hansı liderlə görüşürəmsə, biz bu məsələni qaldırır, bunu qeyd edirik. Bu, adətən görüşün rahat keçməyən hissəsidir, amma biz inanırıq ki, onların bizim nəyə inandığımızı və qayğısına qaldığımız dəyərlər haqda fikrilərimizi birbaşa özümüzdən eşitməsi çox mühümdür. Və bizim tanıdığımız jurnalistlərin olduğu halda, biz onların adlarını deyirik.”

"Bizim bu gün Rusiya ilə problemlərimiz xüsusi olaraq Rusiya hökumətinin siyasəti ilə bağlıdır. Birincisi, onun Krımı işğal etmək qərarı və qonşu Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozmasıdır"-ABŞ prezidenti Barak Obama

Prezident Obama Rusiyada medianın dövlətə məxsus olması nəticəsində insanların aldığı məlumata bütünlüklə nəzarətin olduğunu xüsusi vurğulayıb.

Jurnalist Fatima Tlisova Rusiya mediasında ABŞ və prezident Barak Obamanın düşmən kimi göstərildiyini qeyd edərək, prezidentə “imkanınız olsa, Rusiya auditoriyasına nə demək istərdiniz?” sualı ilə müraciət edib.

Prezident Obama deyib ki, o, Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlərin pisləşməsindən kədərlənir, çünki onun fikrincə, Soyuq müharibə dövründən sonra inkişaf əldə edilmişdi.

İ"kincisi, Rusiya hökmətinin vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər, başqa fəallar və siyasi müxaliflərin post-sovet dövrü yaranmağa başlayan vaxtdan fundamental hüquqlarını təmin etmək istəməməsidir.”-ABŞ prezidenti Barak Obama

Daha sonra o Rusiya ilə bu gün mövcud problemləri qeyd edib: “Bizim bu gün Rusiya ilə problemlərimiz xüsusi olaraq Rusiya hökumətinin siyasəti ilə bağlıdır. Birincisi, onun Krımı işğal etmək qərarı və qonşu Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozmasıdır ki, bu, bu günə qədər davam edir. İkincisi, Rusiya hökmətinin vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər, başqa fəallar və siyasi müxaliflərin post-sovet dövrü yaranmağa başlayan vaxtdan fundamental hüquqlarını təmin etmək istəməməsidir.”

Prezident Obama deyib ki, mətbuat azadlığının əhəmiyyəti ondan ibarətdir ki, bu dəyərlər ölkənin öz quruluşu və çatışmazlıqlarına nəzər yetirərək, ona onları düzəltmək imkanı verir. ABŞ prezidentinin sözlərinə görə, 200 ildən artıq demokratiya tarixinə malik Birləşmiş Ştatlar keçmişin dərslərini öyrənərək, qanunun aliliyi və azadlıqların təminat altına alınmasına nail olub. Lakin onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində hələ də bu dəyərlər uğrunda mübarizə gedir: “İnsanlar fikirləşir ki, bu, Amerikanın getdiyi yoldur, bizim mədəniyyətimiz fərqlidir, biz fərqli ənənələrə malikik, ya da müxalifət zorakıdır, ya da ölkə dağılacaq, bizə sərhədlərimizdə təhlükə var. Bilirsinizmi, demokratiyanın fundamental tələblərini yerinə yetirməmək üçün həmişə bəhanələr var. Mənim fikrimcə, bu, yanlışdır və bu bəhanələr səhvdir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG