Accessibility links

Prezident Obama məzuiniyyətdədir


ABŞ prezidenti ailəsi ilə birlikdə Massaçusets ştatında Martas Vinyard kurortunda bir həftəlik istirahətə başlayıb



ABŞ prezidenti Barak Obama cümə günü terrorizm təhlükəsi və Birləşmiş Ştatların izləmə proqramı ilə bağlı narahatlıqları ünvanladığı geniş mətbuat konfransından sonra rəsmən məzuniyyətə çıxıb.

Cənab Obama ailəsi ilə birlikdə ABŞ-ın şimal-şərq bölgəsindəki Massaçusets ştatında Martas Vinyard kurortunda bir həftəlik istirahətə başlayıb.

Prezident Massaçusetsə Floridanın Orlando şəhərindən təyyarə ilə uçub. Orlandoda müharibə veteranları qarşısında danışan cənab Obama iş qabiliyyətini itirmiş müharibə iştirakçılarının sənədlərinin hazırlanması prosesinin sürətləndiriləcəyinə söz verib.

Bu görüş prezidentin Ağ Evdə ABŞ hökumətinin amerikalıların telefon danışıqları və internet yazışmalarını izlədiyi məxfi proqramlarla bağlı narahatlıqları ünvanlamağa çalışdığı mətbuat konfransının mövzusunun dəyişdiyinə işarə edirdi.

Cənab Obama Konqreslə ABŞ-ın Mili Təhlükəsizlik agentliyinin keçmiş kontraktoru Edvard Snoudenin ictimaiyyətə açıqladığı izləmə proqramları ilə bağlı münasib islahatların hyata keçirilməsi məsələsi üzərində birgə iş apacağını bildirib. Snoudenin işi ABŞ və ona müvəqqəti sığınacaq verən Rusiya ilə münasibətlərdə gərginliyin artmasına gətirib çıxarmışdır. Bu addım prezident Obamanın gələn ay Moskvada Rusiya prezidenti Vladimir Putinlə zirvə görüşünün təxirə salınması ilə nəticələnmişdir.

İzləmə proqramlarından danışan prezident Obama deyib ki, o başqa ölkələrdə Amerikada insanların özəl həyatının izlənməsi ilə bağlı debatlara diqqət verilməsindən xəbərdardır. O, Birləşmiş Ştatların adi vətəndaşlara qarşı casusluq etməkdə maraqlı olmadığını bildirib.

Ağ Ev ABŞ prezidentinin “işgüzar məzuniyyət”də olduğunu bildirərək, onun gün ərzində bu məsələlərlə bağlı məlumatlandırılacağını və onlar üzərində işi davam etdirəcəyini bəyan edib.

ABŞ prezidentinin məzuniyyəti Konqres üzvlərinin bir ay müddətinə yay tətilinə çıxdığı vaxt başlayıb.
XS
SM
MD
LG