Accessibility links

Obama mühacirət planını müdafiə edir


ABŞ prezidenti Barak Obama Amerikada sənədi olmayan milyonlarla insanı deportasiya olunmaqdan xilas edəcək qərarını müdafiə edərək, Konqresi əhatəli mühacirət islahatlarını qəbul etməyə çağırıb.

Amerika xalqına həftəlik müraciətində cənab Obama deyib ki, mühacirət planı sənədləri olmayan milyonlarla insanın ölkənin qanunlara riayət etməsinə imkan yaradacaq.

Prezident Obama cümə günü müvəqqəti iş icazəsinin verilməsi və təxminən beş milyon insan üçün deportasiya təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutan iki sərəncam imzalayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner prezident Obamanın Konqresi ötərək mühacirətlə bağlı səlahiyyətlərindən istifadə edib atdığı addımın prezidentlik üçün zərərli olduğunu deyib. O, Nümayəndələr Palatasındakı respublikaçıların birtərəfli qaydada addım atacağını bildirib.

Spiker Beyner deyib ki, prezident Obamanın atdığı addım daha çox insanın qeyri-qanuni şəkildə ABŞ-a gəlməsinə yol açacaq.

Respublikaçıların böyük hissəsi prezidentin mühacirət planını amnistiya hesab edərək, onun konstitusiyaya zidd olduğunu bildirib.

XS
SM
MD
LG