Accessibility links

Obama qətlə yetirilmiş üç müsəlman gəncin ailə üzvlərinə baş sağlığı bildirib


white house

white house

ABŞ prezidenti Barak Obama Şimali Karolina ştatında üç müsəlman gəncin qətlə yetirilməsi ilə əlaqədar bəyanatla çıxış edib.

Ağ evin açıqladığı bəyanatda prezident Obama bildirib ki, Amerikada heç kəs necə görünməsi və necə ibadət etməsindən asılı olmayaraq hədəf ola bilməz. “Mişel və mən hadisə qurbanlarının yaxınlarına baş sağlığı bildiririk. Bu gənc amerikalıların dəfnində izdiham onu göstərir ki, biz hamımız bir Amerika ailəsiyik. Aramızdan biri vaxtsız gedəndə onun həyatını necə yaşadığını daim xatırlayırıq. Hadisə qurbanlarından birinin dediyi sözlər bizə öz həyatımızda ilham verməlidir. Yusor bu yaxınlarda demişdi: “Amerikada böyümək bir şansdır. Haradan gəldiyinizdən asılı olmayaraq, müxtəlif yerlərdən, fərqli təbəqələr və dinlərə mənsub çox adam var, amma burada biz hamımız birik. ”-deyə prezident Obamanın bəyanatında bildirilir.

Cümə günü Ağ Evin qarşısında toplaşmış müsəlmanlar Şimali Karolinada qətlə yetirilmiş gənclərə dua edərək namaz qılıb.

Deah Şaddi Barakat, Yusor Əbu Salha və Razan Əbu Salha çərşənbə axşamı günü Çapel Hill şəhərində Şimali Karolina universitetinin yaxınlığında qətlə yetiriliblər. Onların qonşusu, 46 yaşlı Kreq Stiven Hiks birinci dərəcəli qətldə ittiham edilib.

Müsəlman gənclərin ailə üzvləri qətl hadisəsinin nifrət zəmində baş verdiyini bildirir. Federal Təhqiqatlar Bürosu hadisə ilə əlaqədar təhqiqat aparır.

ABŞ-ın baş Prokuroru Erik Holder bu həftə baş vermiş qətl hadisəsini şok kimi qarşıladığını bildirib.

XS
SM
MD
LG