Accessibility links

Obama: Silahlara nəzarətə dair yeni ölçülər insanların həyatını qorumağa yönəlib


ABŞ prezidenti Barak Obama Amerika ictimaiyyətində kəskin fikir ayrılığına səbəb olan olduqca aktual silahlara nəzarət məsələsini ünvanlamaq üçün Konqresi ötərək bir sıra yeni ölçülər açıqlayıb. Son illər odlu silahlar törədilmiş kütləvi qətllərdən danışan prezident Obama göz yaşlarını saxlaya bilməyib.

İcraedici hakimiyyətin tətbiq edəcəyi ölçülər daha çox silah satıcısının lisenziya almasını, silah alıcıları haqda isə daha geniş informasiyanın əldə edilməsini nəzərdə tutur.

Buraya eyni zamanda, hazırda qüvvədə olan silah qanunlarının ciddiləşdirilməsi, psixi xəstəliklərin müalicəsi proqramlarını gücləndirilməsi və silahlara nəzarətə dair texnologiyalarla bağlı tədqiqatların genişləndirilməsi daxildir.

Prezident Obama 2012-ci ildə Konnektikut ştatının Nyuton şəhərinin Sandi Huk ibtida məktəbində 26 şagird və müəllimin ölümü ilə nəticələnmiş atışmadan danışarkən göz yaşlarını saxlaya bilməyib.

ABŞ prezidenti Barak Obama: “Hər dəfə bu uşaqları düşünəndə məni qəzəb bürüyür. Onu da deyim ki, Çikaqoda bu hər gün baş verir. Buna görə də.....biz Konqresdən silah lobbisi qarşısında dayanmaq üçün daha güclü olmasını tələb etməliyik. Biz hamımız qalxıb vətəndaşlarımızı müdafiə etməliyik, hamımız qubernatorlar, qanunvericilər və biznes qurumlarından icmalarımızın daha təhlükəsiz olması üçün onların öhdəsinə düşən işi görməsini tələb etməliyik.”

Obama qeyd edib ki, bu ölçülər ölkədə bütün cinayətlərin qarşısını ala bilməyəcək. Lakin o deyib ki, bu addımlar insanların həyatını qorumaq və böyük itkilərlə qarşılaşmış ailələrin acısını azaltmağa yönəlib.

Silah müdafiəçiləri prezidentin addımlarını qınayaraq, bunun konstitusiyada silah daşımaq hüququnu məhdudlaşdıracağını deyir.

Texasda silah mağazasının sahibi Jeyms Hillin yeni ölçülərə ehtiyac olmadığını deyir.

Jeyms Hill: “Bizim ayrı-ayrı şəxslərdən silah ala bilmək icazəmiz var. Bəli, onlar ölkə səviyyəsində qeydiyyatdan keçirmək istəyir. Qeydiyyatdan keçirmə müsadirə ilə nəticələnəcək. Hitler, Stalin-bütün bu dırnaqarası liderlər əhaliyə nəzarət etməyə başlamaq üçün bir vaxt silahları müsadirə etmişdi. Məsələ bundan ibarətdir.

Konqresin Nümayəndələr Patasının spikeri Pol Rayan yeni təklifləri “icraedici hakimiyyətin təhlükəli səviyyədə həddini aşması” adlandırıb və prezidenti qanunverici hakimiyyəti pozmağa çalışmaqda ittiham edib.

Yeni ölçülər ABŞ-da son il ərzində Kaliforniyada 14 adamın ölümülə nəticələnən terror hücumu da daxil olmaqla, bir sıra kütləvi qətllərin baş verməsindən sonra açıqlanıb.

Son rəy sorğularına əsasən, amerikalıların böyük hissəsi silah alan şəxslər haqda daha ətraflı məlumat toplanmasının tərəfdarıdır.

XS
SM
MD
LG