Accessibility links

Obama: Luizianada təbii fəlakət qurbanları lazımi yardımı alacaq


ABŞ prezidenti Barak Obama ölkənin cənub-şərqində təbii fəlakətə məruz qalmış Luiziana ştatına səfəri zamanı federal yardımın davam edəcəyinə söz verib. Prezident Obama sellərin böyük zərər vurduğu Baton Ruj şəhərini ziyarət edib və tarixdə ən böyük təbii fəlakətlərdən birindən sonra sakinlərlə görüşüb. Luizianada təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin həcmi 127 milyon dollara çatıb.

Prezident Obama təbii fəlakət nəticəsində böyük zərərə məruz qalmış Baton Ruj şəhərinin sakinləri ilə görüşüb. Misli görünməmiş sellər nəticəsində 60 mindən çox ev dağılıb və indiyə qədər bu miqyasda fəlakətlə qarşılaşmamış minlərlə insan evsiz qalıb.

Baton Ruj sakini Cim Cobs: “Mənim çox gözəl evim var idi. İndi evimi itirmişəm. Mən buna dözə bilmirəm. Özümlə bacarmıram.”

Amerika lideri ştat sakinlərini onun administrasiyasının bərpa işlərini prioritet etdiyinə əmin etməyə çalışıb.

ABŞ prezidenti Barak Obama: “Bu, bir dəfə ilə həll olunan iş deyil. Bir ay, üç ay, altı ay bundan sonra insanların lazım olan yardımı ala bilməsini təmin etməliyik. Mən bütün amerikalıların bu məsələyə diqqət verməsini istəyirəm.”

Prezident Obama Martas Vinyard istirahət guşəsində məzuniyyətini dayandırıb daşqınlara məruz qalmış ştata getmədiyinə görə tənqidlərlə qarşılaşıb. Ən kəskin tənqid keçən həftə Luizianaya səfər edən respublikaçı namizəd Donald Trampdan gəlib.

Prezidentliyə respublikaçı namizəd Donald Tramp: “Açığını desək, Obama qolf meydançasından çıxıb buraya gəlməlidir.”

Prezident Obama isə fövqəladə xilasetmə səylərinə mane olmaq istəmədiyini bildirib. Luiziana ştatının qubernatoru Bel Edvards Obamanın qərarını dəstəkləyərək, prezidentin səfəri üçün lazım olan təhlükəsizlik xidməti işçilərinin ayrılmasının çətin olduğunu deyib. Qubernator həmçinin Trampın səfərinin seçicilərin səslərini qazanmaqdan başqa bir məqsədi olmadığına inandığını bildirib. Lakin o sonradan respublikaçı namizədə diqqətləri təbii fəlakətin miqyasına yönəltdiyinə görə təşəkkürünü bildirib.

Prezident Obama deyib ki, faciə dövrü Vaşinqton məsələnin siyasiləşdirilməsindən çəkinməyə meyl göstərir.

ABŞ prezidenti Barak Obama: “Mən sizi inandırıram ki, bu qrupda, yardıma ilk gələn heç kəs sizin demokrat, ya da respublikaçı olduğunuzla maraqlanmır. Onları divarın və döşəmənin vaxtında təmiri, evə zərərin dəyib-dəymədiyi maraqlandırır. Onlar işçiləri gətirib ən tez zamanda bərpa işlərinə başladılar. Onları bu maraqlandırır, məni də bu maraqlandırır.”

Luiziana ştatında təbii fəlakət nəticəsində 13 nəfər həyatını itirib, bəzi insanlar itkin düşüb.

XS
SM
MD
LG