Accessibility links

Birləşmiş Ştatlar prezidenti Barak Obama Mərkəzi Amerikadan ABŞ-a qeyri-qanuni yolla gələn minlərlə uşağın pənah gətirdiyi Texas ştatında mübahisəli mühacirət qanunlarını müzakirə edəcək. Texas ştatına səfəri zamanı cənab Obama Dallas şəhərində ştat və yerli rəsmilərlə görüşərək, "humanitar böhran" adlandırdığı problemi müzakirə etməyi planlaşdırır.

Cənab Obama əsasən Salvador, Honduras və Qvatemaladan uşaqların Birləşmiş Ştatlara qeyri-qanuni keçdiyi Texasla Meksika arasındakı 700 km-lik sərhədə getməyi planlaşdırmır.

Obama siyasətinin tənqidçilərindən biri, Texas ştatının qubernatoru Rik Perrinın də prezidentlə görüşəcəyi gözlənilir. Cənab Perri deyib ki, əgər prezident Obama sərhədə getməsə, bu, onun hazırda nələr baş verdiyinə biganəliyi demək olacaq.

Cənab Obama ya cinayətkarlar qruplar tərəfindən qaçırılan, ya da sərhədi keçdikdə geri qaytarılmayacaqlarına inanaraq Amerikaya qeyri-qanuni gələn 50 mindən çox uşağın vətənlərinə qaytarılmasını nəzərdə tutur. Birləşmiş Ştatlar onların humanitar yardım məqsədilə ölkədə qalmalarının mümkün olmayacağını deyir.

Birləşmiş Ştatların Ədliyyə nazirliyinin bildirdiyinə görə, zorakılıqlar və qaçaqmalçılıq yolları ilə Mərkəzi Amerikadan gətirilən uşaqların məsələlərinə baxilması üçün daha çox hakim cəlb olunacaq.

ABŞ prezidenti Texasa səfərindən bir gün öncə Konqresdən Mərkəzi Amerikadan minlərlə uşağın sərhədə axını ilə bağlı mühacirət böhranının həlli üçün 3.7 milyard dollar istəyib.

XS
SM
MD
LG