Accessibility links

Obamanın sözçüsü Trampın danışıqlarının dinlənildiyini inkar edib


Prezident Donald Tramp administrasiyası keçmiş prezident Barak Obamanın keçən il ABŞ prezident seçki kampaniyası zamanı Trampın telefon danışıqlarının dinlənildiyini inkar etməsinə hələ reaksiya verməyib.

Obamanın sözçüsü Trampın şənbə günü Tvitter səhifəsində Obamanı noyabrda 2016-cı il prezident seçkilərindən öncə onun Nyu-Yorkda Tramp qülləsindəki ofislərində telefon danışıqlarının dinlənilməsində ittiham etdikdən sonra bəyanat yayıb.

Obamanın yardımçısı Trampın iddialarının əsassız olduğunu bəyan edib.
Tramp dinlənmənin baş verdiyinə dair heç bir mənbəyə əsaslanmayıb və dəlil gətirməyib. Lakin o, onun özəl həyatına mümkün müdaxiləni 1974-cü ildə keçmiş prezident Riçard Niksonun istefası ilə nəticələnmiş Uotergeyt (Watergate) siyasi qalmaqalına bənzədib.

Qalmaqal Niksonun mənsub olduğu respublikaçıların Demokrat partiyasını hədəf alan bir sıra siyasi "çirkin fəndlərlə" başlamışdı. Lakin Ağ Ev rəsmisinin Niksonun Ağ Evdə çox sayda telefon danışıqlarının dinləmənilməsinə dair geniş monitorinq əməliyyatına göstəriş verdiyini açıqlamasından sonra qalmaqal Vaşinqtonun siyasi həyatınının gündəmini bütünlüklə ələ almışdı.

FISA məhkəmələri buna görə mövcuddur. İcraedici hökumət özü-özünə hərəkət edə bilməz. Onların belə fəaliyyətlərindən öncə məhkəmənin razılığı olmalıdır

Keçmiş prezidentin sözçüsü Kevin Lyuis deyib ki, Obama administrasiyası dövründə Ağ Evdə heç bir rəsmi "heç vaxt Ədiyyə nazirliyi tərəfindən aparılan hər hansı bir təhqiqata müdaxilə etməyib". Bununla o, müdaxiləyə qadağanın bir qayda olduğunu vurğulayıb.

Lyuis bəyanatda bildirib ki, nə "prezident Obama, nə də Ağ Evin hansısa bir rəsmisi hər hansı ABŞ vətəndaşının dinlənilməsi haqda göstəriş verməyib. Bu haqda hər hansı bir iddia əsassızdır".

Amerikanın Səsi Ağ Evin rəsmilərinə şənbə günü inkişaflarla bağlı şərh vermək üçün müraciət edib, lakin dərhal cavab almayıb. Nə Federal Təhqiqatlar Bürosu (FBI), nə də Ədliyyə nazirliyi bəyanatla çıxış etməyib.

FBI order istəyib

1978-ci ildə qəbul edilmiş Xarici Kəşfiyyat İzləmə Aktı(FISA) xarici ölkələr və onların agentləri arasında informasiyanın izlənilməsi və toplanmasına hüquqi qaydada icazə verir.

Heç bir prezident dinləmə haqda göstəriş verə bilməz. Bu məhdudiyyətlər vətəndaşları sizin kimi adamlardan qorumaq üçün qəbul edilib.

FBI iki mənbəyə və xəbərlərdə verilən məlumatlara əsasən, oktyabr ayında Rusiya və Trampın kampaniyası ilə əlaqəs iolan şəxslər arasında şübhəli əlaqələrin təhqiq edilməsi məqsədilə FISA məhkəməsinə order haqda müraciət etmiş və orderi almışdı.

Ədliyyə nazirliyi dörd nəfərin Rusiyanın "qəsdsiz agenti" olduğuna inandığını bildirib. Milli təhlükəsizlik məsələləri üzrə ixtisaslaşdırılmış vəkil Bradli Mossun Amerikanın Səsinə bildirdiyinə görə, "həmin şəxslər belə görünür, ələ alınıblar və bu da məhkəmə tərəfindən orderin verilməsi üçün əsas olub".

FBI bundan dörd ay öncə gizli məhkəməyə daha geniş müraciət təqdim etsə də, məhkəmə onu rədd etmişdi. Vəkil Bradli Moss bu müraciət haqda məlumatın az olduğunu deyib.

FISA məhkəməsi

Obamanın milli təhlükəsizlik məsələləri üzrə keçmiş baş müşaviri Ben Rods Tvitter səhifəsində Trampa ünvanladığı mesajında "heç bir prezident dinləmə haqda göstəriş verə bilməz" yazıb. "Bu məhdudiyyətlər vətəndaşları sizin kimi adamlardan qorumaq üçün qəbul edilib"-deyə o əlavə edib.

Senatın Xarici Əlaqələr komitəsində nüfuzlu senator Ben Kardin Obama administrasiyasının Tramp qülləsindəki fəaliyyətləri izləmədiyini deyib. O qeyd edib ki, bunun üçün FISA məhkəməsindən səlahiyyət verilməsi lazım olardı.

"FISA məhkəmələri buna görə mövcuddur. İcraedici hökumət özü-özünə hərəkət edə bilməz. Onların belə fəaliyyətlərindən öncə məhkəmənin razılığı olmalıdır"-deyə Merilend senatoru CNN tele kanalına müsahibə bildirib.

Senator Qraham narahatdır

Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qraham Trampa iddialarına dəstək verməyib. Lakin Senatın Ədliyyə komitəsinin üzvü olan senator bildirib ki, əgər Trampın kampaniyası Nyu Yorkda dinlənilibsə, "bu, Uotergeyt qalmaqalından sonra ən böyük siyasi qalmaqal ola bilər".

Senator Lindsi Qraham
Senator Lindsi Qraham

"Mən çox narahatm ki, bizim prezident keçmiş prezidentin qeyri-qanuni nəsə etdiyini iddia edir. Mən Obama administariyasının Trampın kampaniyasının xarici hökumətlərlə fəaliyyətlərinə dair qanuni şəkildə order ala bilməsini böyük narahatlıqla qarşılayardım. Buna görə də Birləşmiş Ştatların senatoru kimi mən işin sonuna qədər getməliyəm"-deyə Lindsi Qraham Cənubi Karolina görüş zamanı bildirib.

Obamanın Ədliyyə nazirliyinin FISA məhkəməsindən razılıq almalı olduğunu əvvəlcədən xəbəri olub-olmadığı aydın deyil.

Rusiya səfiri ilə görüşlər

Bu həftə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakın dekabr ayında Tramp qülləsində Trampın kürəkəni Cared Kuşner və keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinnlə görüşdüyü haqda məlumat açıqlanıb. Flinn Kislyakla danışıqlar barədə yüksək səviyyəli rəsmilərə doğru məlumat vermədiyini etiraf etdikdən və vəzifədə cəmi 24 gün olduqdan sonra istefa vermişdi.

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak
Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak

Tramp qülləsində danışıqlar barədə məlumatlar isə baş prokuror Ceff Seşşinsın bu həftənin əvvəli Kislyakla keçən il prezident seçkiləri zamanı iki dəfə görüşdüyünü etiraf etməsindən sonra açıqlanıb.

Seşşins Senatda vəzifəyə təsdiqi ilə bağlı dinləmələr zamanı danışıqlar barədə açıqlama verməmişdi. O, Rusiyanın 2016-cı il prezdent seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatdan kənar qaladığını bildirib. Onun bazar ertəsi yazılı bəyanatını açıqlayacağı gözlənilir.

Ağ Evin sözçüsü Houp Hiks deyib ki, Tramp qülləsindəki görüşlər hakimiyyətə gələn administrasiya ilə Rusiya səfiri arasında "əlaqə xətti" yaratmaq məqsədi daşıyıb. O əlavə edib ki, Kuşner həmçinin 20-dən çox ölkənin nümayəndəsi ilə görüşüb.

Təhqiqatlar genişlənir

ABŞ hökumət rəsmiləri xarici ölkələrin hökumət üzvləri ilə bir sıra hallarda və bir sıra səbəblərlə görə görüşlər keçirir. Lakin Tramp administrasiyası aylardır Rusiya rəsmiləri və yeni prezidentin kampaniya üzvləri arasında əlaqə olduğunu rədd edirdi.

Cümə günü Breitbart News xəbər veb saytında mühafizəkar radio şou aparıcısı Mark Levinin Obamanın "polis dövləti" taktikalarıından istifadə edərək, "səssiz çevriliş" hazırladığına dair ittihamları ilə bağlı məlumat verilib. Trampın Ağ Evdə strateji müşaviri Stiven Bannon hazırkı vəzifəsindən əvvəlBreitbart-ın icraçı rəhbəri olub.

Trampın dinlənilmə ilə bağlı son iddiaları onun administrasiyasının FBI və Konqresin təhqiqatının Trampın kampaniyasının üzvləri və Rusiya rəsmiləri arasında kontaktlarla bağlı təzyiqlərlə qarşılaşdığı vaxta təsadüf edir.


XS
SM
MD
LG