Accessibility links

ATƏT-in Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri Azərbaycana səfərlərinin nəticələrinə dair brifinq keçiriblər


Robert Bradke
Robert Bradke

Amerikalı həmsədri Robert Bradke və rusiyalı yeni həmsədr İqor Popov sabah Moskvada fransalı həmsədr Bernar Fasye ilə birgə görüş keçirəcək.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradke və rusiyalı yeni həmsədr İqor Popov bu gün Bakı Hava limanında Azərbaycana səfərlərinin yekunları ilə bağlı brifinq keçirib.

Amerikalı həmsədr bildirib ki, səfərin məqsədlərindən biri Dağlıq Qarabağla bağlı əldən verilmiş məqamı geri qaytarmaq üçün səylər göstərmək olub. O prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərinin nəticələrini ciddi və konstruktiv qiymətləndirib. “Mən prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində götürdüyü öhdəlikdən çox məmnun oldum. Prezidentlə görüşdə bir daha onu əmin etməyə çalışdım ki, prezident Obama və dövlət katibi Hillari Klinton da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətinə üstünlük verir və onu dəstəkləyir”.

Cənab Bradke Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün mümkünlüyü ilə bağlı sualın cavabında deyib ki, sabah Moskvada Minsk qrupunun hər üç həmsədri birgə görüş keçirəcək. “Bakıda keçirdiyimiz danışıqlarla bağlı Fransalı həmsədr Bernar Fasyenin iştirakı ilə Moskvada müzakirə aparacağıq. Buna sonra növbəti addımlarla bağlı qərar qəbul edəcəyik”.

Amerikalı həmsədr “Amerikanın səsi” radiosunun “Ermənistan tərəfi yenilənmiş Madrid sənədini qəbul edirmi” sualının cavabına birbaşa cavab verməyib. O müzakirələrin davam etdiriləcəyini deyib. “Hər iki tərəflə bir daha görüş keçiriləcək, yəni müzakirələri davam etdirəcəyik. Mühüm sahələr var ki, orada birgə fikirlər səsləndirilir. Lakin hər iki tərəf arasında, müxtəlif məqamlar da var ki, bunlar razılaşdırılmalıdır”.
Azərbaycan rəsmilərinin Amerikanı ittiham etməsi və

Azərbaycanın Amerika ilə birgə təlimlərdən imtina etməsi ilə bağlı görüşləri zamanı müzakirələr aparıb-aparması ilə bağlı “Amerikanın səsi”nin sualına cavabında isə diplomat Azərbaycana həmsədr kimi gəldiyini xatırladıb: “Əsas məqsəd Qarabağ probleminin müzakirə etməkdir. Amma xatırlatmaq istəyirəm ki, biz Azərbaycan hökuməti ilə bir neçə digər sahələrdə də əməkdaşlıq edirik”.

Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə Rusiyanın münaqişənin nizamlanması ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəyişməz qalır. Rusiyanın mövqeyini həmsədr deyil, prezident müəyyən edir. Ümumilikdə isə Minsk Qrupunun bu istiqamətdə görəcəyi çox işlər var”, - deyə o qeyd edib.



XS
SM
MD
LG