Accessibility links

Keçmiş sovet məkanından ofşor zonalarda rusiyalıların 798 mlrd, ukraynalıların 167 mlrd, azərbaycanlıların 48 mlrd dolları var.


Yeni hesabat “sızan sərvət” və bu prinsipdə qurulan iqtisadiyyat haqda nəzəriyyəni nüfuzdan salır. Bu nəzəriyyəyə əsasən, guya cəmiyyətin varlı təbəqələrinə vergi güzəştləri və başqa imtiyazlar olsa, iqtisadi artım hamı və hər kəs üçün çiçəklənmənin lokomotivinə çevrilir. Sənəd müəlliflərinin fikrincə, planetin istismarçıları sərvəti bölmək əvəzinə öz pullarını offşor vergi zonalarına cəmləməyə üstünlük verir.

«Bir daha ofşorun qiyməti haqqında» («The Price of Offshore Revisited») adlı məruzə Tax Justice Network (TJN) («Vergi ədaləti şəbəkəsi») qeyri-kommersiya müşahidə təşkilatı tərəfindən hazırlanıb. Təşkilatın rəyinə görə, dünyanın ifrat varlıları ofşor zonalara 21 trln-dan 32 trln dollara qədər vəsait çıxarıb (Hesabatın qısa xülasəsi Turan Agentliyi yayıb).

İfrat varlı vergi ödəməyənlərin iyirmiliyində Qazaxıstan seçilir. Məlumata görə, bu ölkədən olan xüsusi şəxslərin ofşor hesablarında 138 mlrd dollar var. Bu isə respublikanın 2012-ci il büdcəsinin gəlirlərindən 4 dəfə çoxdur. Keçmiş sovet respublikaları arasında həmçinin Rusiya vətəndaşları (798 mlrd dollar); ukraynalılar (167 mlrd dollar) və Azərbaycan vətəndaşları fərqlənir - 48 mlrd dollar.

Ofşor hesablarda saxlanılan vəsait həcmi TJN tədqiqatçılarının gözlədiyindən xeyli çox olub. Sənədin tərtibində iştirak edən aparıcı mütəxəssis Ceyms Henri (James Henry) ofşorlardakı vəsaitləri dövləti bu cür zəruri olan vergi mədaxilindən məhrum edən maliyyə «qara çuxuru» adlandırıb. Məlumatlar onu da göstərir ki, varlılarla kasıblar arasında uçurum ehtimal ediləndən böyükdür. Indiyədək gəlirlərin bölünməsi üzrə araşdırmalarda xüsusən ofşor hesablarda olan gizli aktivləri hesaba almamağa meyl vardı.

«Bizim ənənəvi qeyri-bərabərlik rəylərimizə korektə etmək üçün bu ofşor sektoru çox böyükdür”, – deyə Ceyms Henri TJN təşkilatının yaydığı bəyanatda bildirir.
“Çünki bu hesaba alınmayan maliyyə sərvətinin böyük hissəsi çox dar elita dairəsinin əllərindədir və bu, çox sarsıdıcı təsir edir. Bir çox ölkələrdə maliyyə qeyri-bərabərliyi təsəvvür etdiyimizdən çox yüksəkdir və çox böyük templə artır».

Kağız üzərində bu ölkələrin çoxu borcludur, amma onların ofşor hesabları nəzərə alınsa, TJN müəlliflərinin fikrincə, bu ölkələri borclular siyahısından cəsarətlə silmək olar.
«Bütün deyilənlər nəzərə alınanda Beynəlxalq Hesablaşma Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, “Böyük İyirmilik”, eləcə də aparıcı mərkəzi bankların ofşor sektorun öyrənilməsinə az vaxt ayırmaları qalmaqaldır», - deyə Ceyms Henri bildirir.

Məruzə hazırlanarkən tədqiqatçı beynəlxalq institutların, o cümlədən BVF və DB-nin, eləcə də müxtəlif ölkələrin xəzinədarlıq və mərkəzi banklarının məlumatlarından istifadə edib. TJN təşkilatının bəyanatından görünür ki, Ceyms Henri öz hesablamalarını «konsaltinq firmaları və başqa strukturların qızıl-valyuta ehtiyatlarına tələbatı əks etdirən məlumatları, özəl ofşor banklar haqqında tədqiqatlara» proyeksiya edib. TJN təşkilatının tədqiqatında yalnız ofşor hesablardakı maliyyə vəsaitləri qiymətləndirilir, ofşor daşınmaz əmlak, yaxtalar, maşınlar və incəsənət əsərləri kimi dəbdəbə predmetləri hesaba alınmır.

Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ofşor hesablardakı vəsaitlərin kəmiyyətinə görə Qazaxıstan və Azərbaycan liderdir. Özbəkistan vətəndaşları onlardan xeyli geri qalır: onların ofşor vəsaitləri TJN-in rəyinə görə, 23 mlrd dollardır. Enerji resursları ilə zəngin olan Türkmənistanın ofşor hesabında cəmi 3,4 mlrd dollar, Tacikistanın hesabında 2,4 mlrd dollar var. Qırğızıstan vətəndaşları vergi cənnətində 1 mlrd-dan az, gürcüstanlılar 4,1 mlrd dollar, ermənistanlılar 2,2 mlrd dollar saxlayır.

Tax Justice Network qeyri-kommersiya təşkilatıdır, 2003-cü ildə Britaniya parlamentinin hamiliyi ilə yaradılıb. 2011-ci ildə onun nüfuzlu sponsorları sırasına Norwegian Aid Agency agentliyi daxil olub.
XS
SM
MD
LG