Accessibility links

İran-Qərb razılaşması, sanksiyalar və onların qeyri-fars azlıqlara təsiri [Audio-Müsahibə]


Torontoda yaşayan Güneyli diaspora fəalı Oğuz Türk Amerikanın Səsi ilə söhbətdə İran və Qərb arasında nüvə razılığının İrana qarşı sanksiyaların azalmasına səbəb olsa da, qeyri-fars bölgələrdə əhalinin məişət durumunun yaxşılaşmasına böyük təsir göstərməyəcəyinə inandığını bildirib. O, bu anlaşmanın təbliğ oldunduğu kimi uğurlu və möhkəm bir razılıq olmadığını önə çəkib.

Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) üzvü müsahibədə həmin bu razılıq nəticəsində yaranmış siyasi-ictimai atmosfer, eləcə də son zamanlar İranın bölgədəki nüfuzunun artmasını dəyərləndirərək, bunların qeyri-fars cəmiyyətlərdə cərəyan edən milli hərəkata təsirləri haqqında düşüncələrini ifadə edib.

Oğuz Türkün sözlərinə görə, İran və Amerika rəsmiləri nüvə proqramı razılaşmasını öz ölkələrinin əhalisinə fərqli formalarda izah edir:

Hələ bir müqavilə imzalanmamış, yalnız iki tərəf bəzi maddələrdə anlaşıblar. Amma bu anlaşmanı iki tərəf fərqli şəkildə açıqlayır. Həsən Ruhaninin İranda farsca nəşr etdiyi və prezident Obamanın Amerikada ingiliscə yaydığı anlaşma mətnləri arasında fərqlər var.

“Hələ bir müqavilə imzalanmamış, yalnız iki tərəf bəzi maddələrdə anlaşıblar. Amma bu anlaşmanı iki tərəf fərqli şəkildə açıqlayır. Həsən Ruhaninin İranda farsca nəşr etdiyi və prezident Obamanın Amerikada ingiliscə yaydığı anlaşma mətnləri arasında fərqlər var. Bəzi maddələr birində var, o birində yoxdur, bəziləri isə kəlmə, ya cümlə olaraq dəyişdirilib.”

Onun fikrincə, hər iki ölkə əldə edilən razılıqda özünü daha uğurlu göstərməyə çalışıb.

Razılığın çox “möhkəm bir anlaşma” olmadığını dilə gətirən Oğuz Türk həmçinin bu haqda son qərarın İranın ali ruhani lideri Xameneyi tərəfindən veriləcəyinə diqqət çəkib.

Kanadada mühacirətdə yaşayan güneyli fəal İran İslam Respublikasının son bir neçə il ərzində bölgədə artmaqda olan məzhəb savaşlarındakı rolu haqqında düşüncələrini də paylaşıb:

“Xomeyni İslam İnqilabının ilk aylarında inqilabı başqa ölkələrə də ixrac etmək hədəfindən danışmışdı. Onun məqsədi İranın fars-şiə sistemini bölgəyə yaymaq idi... O dövrdən bəri İranın bölgədəki gücü artıb. İran İslam Respublikasının İraq, Suriya, Yəmən, Sudan və Livan kimi ölkələrdə təxminən 50 min döyüşçüsü vardır.”

Müxtəlif ölkələr, o cümlədən Qərbdə nəşr edilən bəzi təhlillərə görə, İran-Qərb münasibətlərinin yaxınlaşması bu ölkədə insan haqları durumunun da yaxşılaşmasına səbəb olacaq. Oğuz Türk bu düşüncələri sadəlövhlük kimi dəyərləndirib.

O, Həsən Ruhaninin prezidentliyə gəlməsindən sonra edamlar, qeyri-qanuni həbslər və digər təzyiqlərin çoxalmasına işarə edib.

“Güney Azərbaycan İstiqlal Partiyası üçün milli haqlar, yəni millətlərin haqqı daha önəmlidir. İran eşikdə özündən nə qədər daha yaxşı bir görüntü yarada bilsə, bir o qədər də içəridə qeyri-fars millətləri daha çox əzə biləcək,” deyə İranda fərdi hüquqlardan daha çox müxtəlif millətlərin haqlarının kollektiv şəkildə pozulduğunu vurğulayıb.

XS
SM
MD
LG