Accessibility links

Cavid Qarayev: O dərəcədə ehtiyac içində deyilik ki, gözümüzü toylara dikək


Bakı Olimpiya stadionu

Bakı Olimpiya stadionu

"Bakı Olimpiya Stadionunda mərasimlərin keçirilməsinin mümkünlüyünə dair elanlar boşuna yayılmayıb. Biz mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentliyin müraciəti və beynəlxalq təcrübəyə əsasən belə bir qərar vermişik". Bunu "Report"a açıqlamasında Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev deyib.

Stadionda toy mərasimlərinin təşkilinə cəmiyyətdə birmənalı reaksiyanın olmamasını təbii sayan C.Qarayev insanların yarısının bunu normal, yarısının isə qeyri-adi qəbul etdiyni söyləyib. Lakin o əlavə edib ki, dünyanın bütün aparıcı stadionlarında belə hallara rast gəlinir: "Araşdırsanız, görərsiniz ki, toy mərasimləri "Kamp Nou"da da, "Emireyts"də də keçirilir. Stadionlar iki yerə bölünür: oyundan-oyuna açılan və boşluq vaxtlarda "çürüyənlər", ya da oyunların keçirilib-keçirilməməsindən asılı olmayaraq, daim canlananlar. Təbii ki, o dərəcədə ehtiyac içində deyilik ki, gözümüzü toylara dikək. Amma stadion olaraq, işimiz qazanc əldə etməkdən ibarətdir. Bizə də belə tapşırıq verilib ki, stadion və ətrafında daim canlanma olsun. Bununla bağlı bir neçə layihəmiz var. Velosiped zonaları, kartinq, peyntbol meydanları salmağı planlaşdırırıq. Əlavə təbii və süni örtüklü meydançalar tikilir. Yaxınlıqda Böyükşor parkı salınıb. Niyə insanlar bu qədər geniş imkanlardan yararlanmasınlar? Bu boyda obyekt niyə də boş qalsın?"

Direktor bildirib ki, toy mərasimini stadionun özü yox, mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentlik təşkil edəcək: "Biz açıq və qapalı məkanda mərasim üçün imkanlara malikik. 12 əlavə servis avtomobilimiz, mərasim üçün çadırlarımız var. Yaşıl ot örtüyündə mərasimin keçirilməsi təhlükəli deyil. Çünki xüsusi döşəmələr var ki, otu bir həftəyədək xarab olmaqdan qoruyur. Biz belə imkanları yaradırıq. Seçim bəylə gəlinin istəyinə bağlıdır. Mərasimi isə mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentlik aparacaq".

XS
SM
MD
LG