Accessibility links

Hazırda Azərbaycanda 80 nəfər ömürlük həbsə məhkum edilmiş insan var.

Azərbaycan İnsan Hüquqları Klubu ömürlük məhbusların doğmaları ilə birgə onların hüquqlarını müdafiə kampaniyasına başladığını elan edib.

İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov Amerikanın Səsi radiosuna bildirib ki, kampaniya 1998-ci ilə qədər və sonra ömürlük həbs cəzasına məhkum edilənlərin hüquqlarının müdafiəsindən, habelə saxlanma şəraitinin yaxşılaşdırılması tələbindən ibarətdir.
Vəkil Elçin Namazov deyib ki, 1998-ci ildə parlament ölüm cəzasının ləğv edilməsi haqqında qanun qəbul edib. O zaman bu kateqoriyadan olan şəxslərin cəzası avtomatik olaraq o zaman üçün ən maksimal cəza ilə - 15 il azadlıqdan məhrumetmə ilə əvəz edilib. Yalnız iki il sonra, - 2000-ci ildə yeni Cinayət Məcəlləsi qəbul edilib. Ona görə maksimal cəza ömürlük həbs olub. Bu əsasla məhbuslar onların cəzasının ömürlük həbs deyil, məhz 15 il azadlıqdan məhrumetmə olduğunu hesab edir.
Vəkil problemin həlli üçün iki yol təklif edib: bu qanuna dəyişikliklər edilməsi, ömürlük məhbusların prezident tərəfindən əfvinin elan edilməsi ola bilər.
Bu gün keçirilən dəyirmi masada ömürlük məhbusların doğmaları onların saxlanma şəraitindən, Qobustan həbsxanasında onlara qarşı pis davranışdan şikayət edib.
Doğmalar həmçinin həbsxanada tətbiq olunan yeni metodlardan şikayətlənib, bir-birinə qarşı olan məhbusları bir kameraya yerləşdirirlər ki, onlar bir-birini döysünlər.
Toplantının yekunu olaraq dövlət başçısına və müvafiq qurumların rəhbərlərinə müraciət qəbul edilib. Müraciəti 20-dən çox ömürlük məhbusun doğmaları imzalayıb.
1998-ci ilədək ölüm cəzasına 132 nəfər məhkum olunub. Ölüm cəzası ləğv edildikdən və ömürlük həbslə əvəz edildikdən sonra Qobustan həbsxanasına 128 məhbus köçürülüb. Bu gün ömürlük məhbusların sayı 80 nəfər təşkil edir.

XS
SM
MD
LG