Accessibility links

Şon Foli: İran hökuməti ABŞ-ın İraqsayağı rejim dəyişikliyi edəcəyindən narahatdır


Şon Foli: İran hökuməti ABŞ-ın İraqsayağı rejim dəyişikliyi edəcəyindən narahatdır

Şon Foli: İran hökuməti ABŞ-ın İraqsayağı rejim dəyişikliyi edəcəyindən narahatdır

Orta Tenessi Dövlət Universitetinin professoru, Yaxın Şərq üzrə tarixçi Şon Foli İran ətrafında cərəyan edən gərginlikləri xidmətimizlə müsahibəsində şərh edir.

Sual: Son vaxtlar ABŞ-la İran arasındakı münasibətlərdə gərginlik bir qədər də artıb. Bəzi ekspertlər xəbərdarlıq edirlər ki, əgər İran nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında öhdəlikləri yerinə yetirməsə İslam Respublikasına qarşı ABŞ və ya İsrail tərəfindən hərbi ölçü götürülə bilər. Siz situasiyanı necə dəyərləndirirsiniz? Vəziyyət nə dərəcədə təhlükəlidir?


Cavab: Situasiyanın təhlükəli olmasına şübhə yoxdur. Bu təhlükəni alovlandıran faktorlardan biri də odur ki, həm Vaşinqton həm də Tehrandakı siyasi elitalar müəyyən tarixi və institutsional səbəblər üzündən qarşıdurmanı sonadək aparmaqda əzmli görünürlər və onlar əmindirlər ki, bu, strateji baxımdan düzgün istiqamətdir. Qarşı tərəfin düşmən olmasına dair qənaətin tarixi kökləri var. İranda bu qəzəbə əsas verən inamlardan biri odur ki, Amerika İraqda olduğu kimi İranda da rejim dəyişikliyi həyata keçirə bilər. Amerika isə İranın onun müttəfiqlərinə zərbə endirmək qabiliyyətindən ehtiyat edir. Bu, vəziyyəti gərginləşdirir. Hər iki tərəfin hərbi imkanları var. Amerikanın İraq və Əfqanıstanda qüvvələri yerləşir ki, İran onları hədəf ala bilər. O biri tərəfdən əgər seçim edərsə, ABŞ İrana kifayət qədər ağır ziyan vurmaq imkanına malikdir. ABŞ-ın körfəzdəki müttəfiqləri hazırda fəal şəkildə hərbi təlimlər keçirirlər. Hər iki paytaxtda narahatlıq hökm sürür.


Sual: İranla bağlı siyasətdə belə bir təsəvvür olub ki, İran etnik cəhətdən homogen dövlətdir. Halbuki bu ölkədə Azərilər və bir sıra başqa sayca iri həcmli etnik azlıqlar mövcuddur. Və son vaxtlar bu azlıqlarla mərkəzi hökumət arasındakı gərginliklər artan xətt üzrə inkişaf edir. Sizin bu mövzuda fikirləriniz?


Cavab: İcazənizlə bir məsələni vurğulayım: İran hökumətinin özü rəngarəngdir. İran hökumətinin müxtəlif qollarının fəaliyyətlərini anlamaq fərqli baxış prizmaları tələb edir. Lakin etnik tərkibə gəldikdə tamamilə haqlısınız. İranda hamı fars deyil. Burada Təbrizdə mərkəzləşmiş azərilər, Pakistanla sərhəddə sünni qruplar, kürdlər və ərəblər var. Onlar bəzi hallarda hökumətə qarşı sərt müxalif mövqedən çıxış edirlər. Bu növ gərginliklər iran hökuməti üçün ciddi sınaq təşkil edir. Uzun müddət iranda mərkəzi hökumət ətraf bölgələr üzərində effektiv nəzarət bərqərar edə bilməyib. Ortada cavabını gözləyən ciddi suallar var: İranlı olmaq nə deməkdir? Bu, o deməkdirmi ki, sən şiə olmalısan? Yaxud fars dilində danışmalısan? Bu suallar hələ də debat subyektidir və onlar ölkədə qeyri-stabilliyin başqa bir mənbəyidir. Cavabını tapmayan suallar tarix boyu inqilabi proseslərdə özünü büruzə verib. Qeyd edim ki, İran keçmişində Təbriz inqilabi fəaliyyətinə görə tanınır.


Sual: ABŞ-ın müttəfiqi sayılan Türkiyə son vaxtlar İranla isti münasibətlər qurmağa başlayıb. Bəzi analitiklər Türkiyənin İranla bağlı addımlarını AKP hökumətinin İslam təmayüllü kökləri ilə izah edir. Sizcə narahatlığa əsas varmı?

Cavab: Zənnimcə, bu narahatlıqlar şişirdilib. Yadda saxlamaq lazımdır ki, Türkiyənin hazırkı şərq siyasəti AKP-dən də əvvələ təsadüf edir. Bunun kökləri Turqut Özal erasına gedib çıxır. Türkiyə öz iqtisadiyyatını inkişaf etdirməlidir. Və türklər üçün bunu həyata keçirməyin məntiqi tərəfdaşı iranlılardır. Bir milyon türk əmək bazarına çıxıb. Onlara bazar lazımdır və bunun üçün təbii məkan İrandır. Bu, o deməkdirmi ki, Türkiyə hələ də Qərblə Soyuq Müharibə dönəmində olduğu səviyyədə münasibətlər saxlayacaq. Yəqin ki, xeyr. Amma Türkiyəni Qərbə sıx tellər bağlayır. O, hələ də NATO üzvüdür. Baş nazir Erdoğanın övladları Amerikada universitetə gediblər. 200 ildir ki, türklər Avropaya inteqrasiya kursunda irəliləyirlər və bu proses dayanmayıb. Bu, azad bazar prinsiplərinə hörmət edən hökumətdir.

XS
SM
MD
LG