Accessibility links

Onlayn Azadlıq: İnternetin özünü tənzimləməsi müzakirə edilib


Onlayn Azadlıq: İnternetin özünü tənzimləməsi müzakirə edilib

Onlayn Azadlıq: İnternetin özünü tənzimləməsi müzakirə edilib

Konfransda əsas müzakirələr internetin özünütənzimləməsi və ya hökumət tənzimləməsinin lazım olub-olmaması ətrafında olub.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ATƏT-in media azadlığı üzrə nümayəndəsinin dəstəyi ilə keçirdiyi “Onlayn Azadlıq: İnernetin özünütənzimləməsi” üzrə beynəlxalq konfransda əsas müzakirələr internetin özünütənzimləməsi və ya hökumət tənzimləməsinin lazım olub-olmaması ətrafında olub.

Çoxsaylı vətəndaş cəmiyyəti təmsilçilərinin, hökumət rəsmilərinin, blogerlərin, jurnalistlərin, beynəlxalq və yerli ekspertlərin iştirak etdiyi forumda səslənən fikirlər əsasında gələn ilin oktyabrında Azərbaycanda keçiriləcək Beynəlxalq İnternet İdarəçiliyi Forumuna təkliflər paketi hazırlanacaq.

“Azərbaycanda məlumat məkanı qütbləşib. Hökuməti tənqid edənlər və tərif edənlər var. Bu səbəbdən də iştirakçılar müvafiq seçim edə bilmir. Mediada işıqlandırılmayan məsələlər internetdə əksini tapır və bu, ölkənin ictimai marağına uyğundur”, - deyə ATƏT-in Bakı ofisinin rəhbər müavini Melissa Stoun qeyd edib.

Forum son zamanlar hökumət rəsmilərinin internetin tənzimlənməsi və internet televiziyalarının lisenziyalaşdırılması ilə bağlı bəyanatlarına sərt reaksiya verib. Çıxışların demək olar ki, hamısı bu bəyanatların tənqidinə yönəlib. “Hökumət ölkədə hansı sahəni tənzimləyirsə insanlar daha çox həmin sahələrdən əziyyət çəkir. İqtisadiyyat tənzimlənir monopoliyalar artır, təhsil tənzimlənir savadsızlıq artır, televiziyalar tənzimlənir tamaşaçıları yoxdur. Burada söhbət hökumətdən deyil, bir nəfərdən gedir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli daha çox tənzimləmə məsələlərinə müraciət edir. Amma demokratik ölkələrdə ictimaiyyət dövlət siyasətini tənzimləyir”, - deyə REAL hərəkatının həmsədri İlqar Məmmədov qeyd edib.

Ekspertlər internetdə özünü tənzimləmənin mövcud olduğunu diqqətə çatdırıb. Dövlət tənzimləməsi məsələsi isə yalnız avtoritar rejimlərdə ortaya atılır, amma buna da nəzarət etmək mümkün olmur. “İnternetdə interaktivlik var və hər icma öz şəbəkəsi vasitəsi ilə özünü tənzimləyir. İnternetin tənzimlənməsi isə mümkün deyil. Çünki, yayımçı bir ölkədə, istifadəçi başqa ölkədə, domen isə digər ölkədə yerləşə bilir. Bu səbəbdən də internet hər hansı qanunla nizamlana bilməz”, - deyə sosial media üzrə ekspert İlqar Mirzə bildirib.

Bəzi ekspertlər internet icmalarının etik qaydalardan istifadə etməsinin vacibliyini deyib. Çünki, etik qaydalar unudulanda narazılıqlar yaranır. Digər ekspertlər isə bunun əleyhinədir. Hər icmanın öz danışıq qaydaları var. “Etik qaydaların, internetin, televiziyaların lisenziyalaşdırılması məsələsinin ortaya atılması insanların iqtidar televiziyasına baxmağa məcbur etmək anlamını ortaya çıxarır. Efir azadlığını nəzarətdə saxlamaq istəyənlər bu fikriləri ortaya atır. Bu avtoritar təfəkkürdür. Baxın, Rusiya prezidenti Dmitri Medvedev seçki saxtakarlığının araşdırılması ilə bağlı fikirlərini Facebook şəbəkəsi vasitəsi ilə yaydı. O həm də bununla ölkədə internetin bağlanma təhlükəsinin olduğuna işarə edirdi”, - deyə Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Kristian Moller deyib ki, 21-ci əsrdə hökumətlər kimin jurnalist olub-olmamasına son qoymalıdır. “Heç bir hökumətin ayrılıqda interneti tənzimləmə imkanı yoxdur. İnternetdə yayılan informasiyaların məzmununa görə də hər hansı hökumət məsuliyyət daşımır. İnternetdə özünü tənzimləmə var və bu əslində internet azadlığıdır. Hər bir məlumatdan sonra hər kəs sözünü deyib, cəmiyyətin inkişafına təkan verə bilir. Nifrət dolu fikrilərə əks arqumentlər irəli sürülür”, - deyə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Kristian Moller vurğulayıb.

Ekspert Azərbaycanda paytaxtla regionlar arasında fərqin aradan qaldırılmasının vacibliyini deyib. “Hökumət həm paytaxtda, həm də regionlarda genişzolaqlı internetə əl çatımlılığı təmin etməlidir”.

Çıxışlarda həmçinin özünütənzimləmə təşkilatlarının yaradılmasının media azadlığına ziyan gətirdiyi bildirilib. Çünki ölkədə azad seçki yoxdur, media bir çox hallarda çirkli pullarla maliyyələşir. “Bir zamanlar KİV-də özünütənzimləmə məqsədi ilə Mətbuat Şurası yaradılıb. Mətbuat Şurası hazırda satılmayan qəzetlərin Don Kixotuna çevrilib. Hökumət internetin tənzimlənmə məsələsindən deyil, fikri plüralizmin olmasından narahatdır”, - deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

Blogerlər də internetin tənzimlənməsi ilə bağlı bəyanatları sərt tənqid edib. “Hökumət əslində öz nəzarətində olan televiziyaları tənzimləməlidir. Çünki bu televiziyalar vasitəsi ilə insanlar təhqir olunur. Bloqum mənim virtual evimdir, mülkiyyətimdir. Kim istəyir bloqumun pəncərəsindən baxsın, kim də istəmir baxmasın”, - deyə bloger Pərviz Əliyev vurğulayıb.

RATI-nin direktoru Emin Hüseynov konfransın təşkilinə dəstəyə görə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçə minnətdarlıq bildirib. O 2012-ci ili Azərbaycanda internet azadlığı üçün mühüm il adlandırıb. “Azərbaycanda hökumət internetə nəzarət etmək istəyir, vətəndaş cəmiyyəti isə bunun əksini düşünür. Bu səbəbdən internet azadlığı ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Sonda isə, təklifləri yekunlaşdırıb 2012-ci ilin oktyabrında Azərbaycanda keçiriləcək Beynəlxalq İnternetin İdarəçiliyi Forumuna təkliflər paketimizi təqdim edəcəyik”, - deyə o qeyd edib.

Cənab Hüseynov həmçinin bu gün keçirilən konfransda səslənən təklif və tövsiyələrin yekun versiyası ilə bağlı dekabrın 19-da RATİ-nin mətbuat mərkəzində mətbuat konfransı keçiriləcəyini diqqətə çatdırıb.

Çıxışlarda internet üzərində dövlət monopoliyası, provayderlərin Bakıda yerləşməsi, regionlarda biznes mühitinin olmaması, elektron hökumət barədə dövlət proqramları, infrastrukturun inkişafı, kibetrcinayətkarlıq, müəllif hüquqları ilə bağlı məsələlərə də toxunulub.

XS
SM
MD
LG