Accessibility links

Azərbaycanda Orlandoda gecə klubuna qanlı hücumla bağlı geniş reaksiyalar qeydə alınmayıb.

Azərbaycan prezidenti ABŞ prezidentinə başsağlığı göndərib, Xarici İşlər Nazirliyi terroru pisləyən bəyanatla çıxış edib, bir qrup gənc ABŞ-ın Bakıdakı səfirlyinin qarşısında dəstək aksiyası keçirib.

Bununla yanaşı, geniş ictimaiyyət, hüquq-müdafiə təşkilatları, siyasi partiyalar hələ də baş verən terror hücumuna münasibət bildirməyib. Sosial şəbəkələrdə də geniş müzakirələr açılmayıb.

Amerikanın Səsi bir neçə təşkilat və şəxsdən baş verən terror hücumu ilə bağlı şərh alıb.

“Orlandoda baş verən hadisə onu göstərdi ki, hətta bir çoxlarının qibtə etdiyi Amerikada belə mövcud qanunların olmasına baxmayaraq homofobiya mövcuddur və bundan heç bir kimsə siğortalanmayıb”.

Cavid Nəbiyev

Cavid Nəbiyev

Bu barədə “Nəfəs” LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyev Amerikanın Səsinin Florida ştatının Orlando şəhərində törədilmiş terror hücumu ilə bağlı sualının cavabında bildirib.

Nəbiyev bildirib ki, İŞİD baş verən hadisənin məsuliyətini öz üzərinə götürüb.

“Amma, bu İŞİD-in indiyə qədər törətdiyi terror aktlarından fərqli idi. Bu dəfə konkret hədəf qrupu var idi və çox təəssüf ki, bu hədəf qrupu LGBTTQİ fərdlər idi. Bu səbəbdən baş verən hadisə terror akti ilə yanaşı, həm də nifrət cinayətidir.”

Baş verən hadisə terror akti ilə yanaşı, həm də nifrət cinayətidir.

Onun fikrincə, baş verən hadisə dünyanın bütün LGBT hərəkatını sarsıdıb.

“Bu sarsıntı heç bir zaman unudulmayacaq, əksinə insan hüquq və azadlıqları, gender bərabərliyi uğrunda mübarizə aparan bizləri daha da stimullaşdıracaqdır,” 'Nəfəs' LGBT Azərbaycan Alyansının rəhbəri qeyd edib.

Onun fikrincə, milli-mənəvi dəyərlərin bütə çevrildiyi, demokratiya və insan hüquq-azadlıqlarından uzaq olan Azərbaycan cəmiyyətində baş verən hadisə birmənalı qəbul edilməyib.

“Hər zaman başqa motivlərlə baş verən terror aktlarına münasibət bildirən iqtidar və müxalifət, o cümlədən digər ziyalı fərdlər bu dəfə susmağı seçdilər. Sosial mediadan göründüyü kimi, hadisəyə üzülən, baş verənləri qınayan insanlar da çox oldu. Amma, təbii ki, çoxluq yenə də öz nifrətini püskürdü. Hətta, açıq aşkar baş verənlərə haqq qazandıranlar belə oldu. Homofobiya/Transfobiya, LGBT hüquq və azadlıqlarının, sosial durumunun vəziyyətinə görə İLGA Avropanın hesabatında 49 Avropa Şurası ölkəsi sırasında sonuncu yerdə qərarlaşan Azərbaycandan başqa mövqe gözləmək əslində sadəlövlük olardı,” Cavid Nəbiyev qeyd edib.

“FAR-Center” Araşdırma Mərkəzinin rəhbəri Hikmət Hacızadə Orlandoda baş verən terror aktını “dəhşətli faciə” kimi dəyərləndirib.

Hikmət Hacızadə

Hikmət Hacızadə

“Yazilanlara görə, bu qatil özü tək başına bu hadisəni tərədib. Əfsuslar olsun ki, belə agressivlik və silahın amerikada yayılması bu ölkənin əsas problemlərindəndir. O ki, qaldı bizim cəmiyyətin bu hadisəyə reksiyasına - cəmiyyətimiz elə susdurulub ki, heç öz faciələrinə reaksiya vermir,” Hacızadə Amerikanın Səsinə bildirib.

Cəmiyyətimiz elə susdurulub ki, heç öz faciələrinə reaksiya vermir.

Hüquqşünas Samira Agayeva hesab edir ki, Orlandoda baş verən hadisənin həm hüquqi, həm siyasi cəhətləri var.

“Hüquqi cəhətdən bu ayrı-seçkiliyin nümayişidir. Siyasi tərəfi isə Amerikada bu yaxınlarda keçiriləcək prezident seçkiləri və prezidentliyə namizədlə bağlıdır”, o qeyd edib.

Samirə Ağayeva

Samirə Ağayeva

Azərbaycan cəmiyyətinin baş verən terror hücumuna reaksiyasına gəlincə, Ağayeva deyib ki, Azərbaycan "milli mentalitet" anlayışının dominantlıq təşkil etdiyi bir ölkədir.

“Əlbəttə ki, bir gecə klubunda homoseksualların kütləvi şəkildə öldürülməsinə bizim cəmiyyətdən reaksiya gözləmək sadəlöhvlükdür. Amma, buna baxmayaraq bir neçə gənc qadın ABŞ-ın Azərtbaycandakı səfirliyi qarşısında homofobiyaya qarşı piket keçirib. Fikrimcə, əsas olan reaksiyanın mövcudluğudur. Bu o deməkdir ki, cəmiyyətin, insanların ayrı-seçkiliyə qarşı etirazı var. Bu da müsbət bir haldır,” o qeyd edib.

XS
SM
MD
LG