Accessibility links

Dünyada istehsal olunan ərzağın yarısı tullanır VİDEO


Dünya boyu ildə 4 milyard tona qədər ərzaq istehsal olunur. Britaniyanın Mexaniki Mühəndislik institutunun açıqladığı son hesabatda deyilir ki, bu qədər ərzağın demək olar ki, yarısı tullanır. Hesabatı hazırlayanlardan Kolin Braun məhsulun necə yığıldığını, saxlandığını və nəqlini izləməyin mümkün olduğunu deyir. “Tez çürüməməsi üçün quru və sərin yerdə saxlanmalı, tez bir zamanda lazımi ünvanına göndərilməlidir. Fikrimcə, əgər istər su, istərsə də qurudan nəqliyyat yoxdursa onda hər dəfə məhsul daşınanda tez xarab olur.”

Hesabatda deyilir ki, Avropa və Birləşmiş Ştatlar kimi ölkələrdə ərzaq məhsullarının istehlakçıya çatdırılması daha effektivdir. Lakin buna baxmayaraq, ya istifadə müddətinin qurtarması, ya da ümumiyyətlə mağazalara gedib çatmaması səbəbindən milyonlarla ton ərzaq zay olur.


Kolin Braun: “Əlbəttə, sizin mağazalarda gördüyünüz mallar, istər xarici görünüşü, istəsə də dadı baxımından yüksək standartlara uyğun gəlməlidir. Xarici görünüşü cəlbedici olmayan məhsullar bu səbəbdən atılır.”

Britaniyanın Pərakəndə Satış Konsorsiumundan Riçard Dadd isə belə hallara görə mağazalarda günah görmür. “Əslində bunlar Avropa İttifaqının qaydalarıdır ki, sahibkarlar bunların yumşaldılması üçün ciddi səy göstərirlər.”

Bir çox yardım və xeyriyyə təşkilatları milyonlarla insanın ac qaldığı bir vaxt bu qədər məhsulun israf olunduğunu deyərək, bu hesabatla razılaşır.

“Uşaqları Qoruyun” yardım təşkilatı dünyadakı ac uşaqları yedirtmək üçün kifayət qədər ərzağın olduğunu, lakin hər il dünya boyu 2.3 milyon uşağın acından öldüyünü deyir. “Uşaqları Qoruyun” təşkilatından Brendan Koks: “Bəzi ailələr seçim qarşısında qalır, özləri yesin yoxsa uşaqlarını yedirtsinlər? Heç kəs belə bir seçim qarşısında qalmamalıdır.”

Hesabatda eləcə də, böyük miqdarda torpaqların, enerjinin və suyun israf edildiyi deyilir. Lakin bu rəqəmlər həm də başqa mesaj verir.

Kolin Braun: “Bütün bu itkilərə baxmayaraq, dünyada insanların sayı artır, deməli məhsula da ehtiyac artır. Biz israfçılığın qarşısını ala bilərik, biz meşələri kəsməməli və daha çox məhsul əkməliyik.”

Hesabata əsasən 2075-ci ildə dünya əhalisinin sayı 9.5 milyarda çatacaq və bu insanların tələbatının ödənilməsi üçün iş aparılmalıdır.
XS
SM
MD
LG