Accessibility links

Johns Hopkins Universitetində Qafqazdakı siyasi duruma dair forum keçirildi (video)


Johns Hopkins Universitetində Qafqazdakı siyasi duruma dair forum keçirildi (video)
Johns Hopkins Universitetində Qafqazdakı siyasi duruma dair forum keçirildi (video)

Stefen Blankın fikrincə Rusiyanın hərəkətləri nümayiş etdirir ki, əslində ABŞ-ın Kremlə reveransları birtərəfli qaydada Amerikanın öz maraqlarını güzəştə getməsi ilə nəticələnib

Sentyabrın 15-də Johns Hopkins Universitetinin İnkişaf Etmiş Beynəlxalq Araşdırmalar Məktəbinin Orta Asiya və Qafqaz İnstitutunun təşəbbüsü ilə Qafqazda geosiyasi duruma həsr olunmuş forum keçirildi. “Qafqazda Son Yeniliklər: Bu gün və Orada ABŞ Siyasəti” başlığı altında keçirilən tədbirdə ekspertlər regiondakı son inkişafları və ABŞ-ın sabiq Sovet məkanındakı xarici siyasətini müzakirə etdilər. Natiqlər Stefen Blank və Svante Kornell ABŞ-ın bölgədəki təsirinin zəifləməsindən narahatlıqlarını izhar etdilər və Rusiyanın aqressiv davranışının qarşısını almaq üçün təkliflər irəli sürdülər.

ABŞ Ordu Hərb Kollecinin Strateji Araşdırmalar İnstitutunun milli təhlükəsizlik məsələləri üzrə eksperti Stefen Blank öz nitqində Obama administrasiyası dönəmində Rusiya ilə bağlı yürüdülən siyasətin nöqsanlarından danışdı. Mütəxəssis bildirdi ki, Barak Obama hakimiyyətə gəldikdən bəri bəzi müşahidəçilər Ruisya ilə münasibətlərin nizama salınmasını xarici siyasətdə uğur kimi qələmə verirlər. Dövlət Katibi Hillari Klintonun rusiyalı həmkarı Sergey Lavrovla “yeni başlanğıc” siyasəti üzərində razılığa gəlməsi bir çoxları tərəfindən Buş administrasiyası dönəmində ölkələr arasında kəskinləşən münasibətlərdə əsaslı dəyişikliyə cəhd kimi qiymətləndirildi. Lakin cənab Blankın fikrincə Rusiyanın hərəkətləri nümayiş etdirir ki, əslində ABŞ-ın Kremlə reveransları birtərəfli qaydada Amerikanın öz maraqlarını güzəştə getməsi ilə nəticələnib: “Mən deyərdim ki, münasibətlər ABŞ mətbuatında yazıdlığından fərqli olaraq indi daha çox zərifdir.”

Cənab Blank Rusiyanın ötən il ərzində atəşkəs razılığına zidd olaraq Gürcüstanın işğal edilmiş ərazilərində beş hərbi baza inşa etdiyini və burada müasir silahlar yerləşdirdiyini diqqətə çəkdi. Onun fikrincə Rusiya Abxaziya və Cənubi Osetiyadakı mövcudiyyətini genişləndirməklə Gürcüstana daha çox təzyiq göstərmək məramındadır. Təhlilçi Rusiya prezidenti Dmitri Medvedevin erməni həmkarı ilə Gümrü hərbi bazasının müddətinin uzadılmasından və faktiki olaraq Rusiya ilə Ermənistan arasında hərbi pakt yaradılmasından söz açdı. İmzalanmış müqaviləyə əsasən Rusiya Ermənistanı müdafiə etmək yönümündə öz üzərinə öhdəlik götürdü. Eyni zamanda Ukraynadakı hərbi dəniz donanması bazasının müddətini uzatmaqla və Qırğızıstanda Kremlə itaət etməyən Kurmanbek Bakiyevi devirməklə hamıya MDB məkanının jandarmı olması barədə mesaj göndərdi. Bunun qarşılığında isə ABŞ heç bir tədbir görməyib, deyə Blank vurğuladı: “Hətta rus mətbuatında bu məsələlərlə maraqlanan hər bir təhlilçi yazır ki, ABŞ Rusiyanın Qafqaz, Ukrayna və Qırğızıstandakı hadisərlə bağlı hərəkətlərinə sükutla reaksiya verib.”

Rəsmi Vaşinqton hələ Buş dönəmində də Rusiya ilə münasibətlərin hər iki tərəf üçün sərfəli müstəvidə qurulmasından danışırdı. Lakin fərq ondadır ki, Buş hökuməti sonradan öz bildiyi kimi hərəkət edir və Amerikanın maraqlarını qoruyurdu. Obama administrasiyası isə həqiqətən də bu ritorikanın ruhuna sadiq qalmağa çalışır, deyə Blank bildirdi.

Rusiyanın təcavüzkar məramlarından danışarkən Stefen Blank Azərbaycanı xüsusi olaraq önə çəkdi: “Deyilənlərə görə Rusiya Azərbaycanda hərbi baza yaratmaq istəyir. Kremlin Qəbələ havadan müdafiə obyektinin lisenziyasını qeyri-müəyyən müddətə uzatmaq istəyi və Azərbaycan iqtisadiyyatında daha böyük rol oynamaq arzusu da var. Rusiyanın ən çox istədiyi isə Azərbaycanı Xəzər Enerji Çərçivəsinə daxil etməkdir.”

Cənab Blankın sözlərinə görə Rusiya Azərbaycanı cənub cinahında enerji xətlərinə tam nəzarət qurmaq planlarına başlıca maneə kimi görür. Bu məqsədlə Kreml rəsmi Bakıya təzyiqlər göstərməkdə davam edir və onun təklənməsinə çalışır. Belə olan halda ABŞ Rusiyaya cavab verməli və onun regionda hegemonluq iddialarına sipər çəkməlidir, deyə Blank fikirlərini yekunlaşdırdı.

Daha sonra söz alan Orta Asia-Qafqaz İnstitutu və İpək Yolu Proqramının araşdırıcı direktoru Svante Kornell Şimali Qafqazda cərəyan edən son olaylara diqqət yetirdi. O, Vladimir Putinin hakimiyyəti dönəmində rus hərbisinin qiyamçı tendensiyanı qəddarlıqla yatırdığını, lakin separatçılıq meyllərinin tükənmədiyini qeyd etdi. Onun sözlərinə görə Kreml Şimali Qafqazda həlli çətin olan xeyli problemlərlə üzləşir və hələ ki, Moskva bunları həll etmək üçün regional avtokratlara arxalanır. Cənab Kornell vurğuladı ki, rus qüvvələrinin sayəsində Ramzan Kadırovun Çeçenistanda hüdudsuz hakimiyyəti var, lakin Kadırovun loyallığı Rusiyaya deyil, Vladimir Putinin şəxsinədir. Nəzərə alanda ki, Şimali Qafqazda siyasi liderlərin ömürləri qısa olur, güman etmək olmaz ki, zərif şəxsi ittifaqlara əsaslanan sabitlik dayanıqlı xarakter daşıyır. Rusiyanın Cənubi Qafqazdakı siyasətinə gəldikdə isə təhlilçi başlıca məqsədin regionda sabitsizliyi saxlamaq, regional dövlətlər arasında münaqişə ocaqlarının birdəfəlik söndürülməsinin qarşısını almaq olduğunu bildirdi.

XS
SM
MD
LG