Accessibility links

Orta ömür həddi artıb, amma xəstəliklərin sayı da çoxalıb [Təhlil]


1990-cı ildən bəri orta ömür 6 il uzanıb

İnsanların orta ömür hədləri ilə bağlı yaxşı və pis xəbər var. Yaxşı xəbər insanların artıq daha çox yaşamalarıdır, pis xəbər isə zəif sağlamlıq riskinin artmasıdır.

İnsanların ortalama ömürlərini uzadırsan, amma artan yaşla fəaliyyət qabiliyyətinin məhdudlaşdıran xəsətlliklər də artır. Biz ölümün əsas səbəblərini aradan qaldırmağı bacarsaq da, uzun müddətli əlilliyin səbəblərini aradan qaldıra bilməmişik
Teo Vos

1990-cı ildən bəri orta ömür həddi bütün dünyada 6 il artıb. Yeni məlumatlara əsasən, bunun səbəbi İnsanın immunoçatışmazlığı Virusu (İİV)/QİÇS və malyariyaya qarşı mübarizədəki irəliləyişlərdir. Bundan əlavə isə yoluxucu xəstəliklər, eləcə də ana, yeni doğulan körpə və qida xəstəliklərinin azalmasında irəliləyişlər əldə olunub.

Ən yüksək orta ömür həddi Yaponiya, Sinqapur, Fransa və İspaniya yaxınlığında yerləşən mikro-dövlət olan Andorra, İslandiya, Kipr, İsrail, Fransa, İtaliya, Cənubi Koreya və Kanadadadır. ABŞ Ümumdünya Səhiyyə Təşkilatının orta ömür həddi sıralamasında 34-cü yerdədir. Bunun ABŞ-ın müxtəlif millətlərin nümayəndələrindən ibarət əhalisi arasındakı müxtəlif çeşidli sağlamlıq problemləri ilə əlaqəli olduğu güman edilir.

Teo Vos araşdırmanın baş müəllifi və Vaşinqton Universitetinin nəzdindəki Sağlamlığın Qiymətləndirməsi İnstitutunun qlobal səhiyyə üzrə professorudur. O deyib ki, bütün səbəblərdən ölüm nisbətində azalma qeydə alınıb.

“Ən əsası isə balaca uşaqlara təsir edən yoluxucu xəstəliklər, eləcə də neonatal problemlər azalıb. Doğumdan sonra yaranan problemlər, bundan əlavə xəsarət nəticəsində baş verən ölüm halları və böyük qeyri-yoluxucu problemlərin səbəb olduğu ölüm halları yavaş-yavaş azalır,” deyə o bildirib.

Çində orta ömür həddi
Çində orta ömür həddi

Lakin çoxları üçün sağlamlıq problemləri əldə olunan əlavə illər ərzində həyatlarının səviyyəsinə kölgə salacaq.

“İnsanların ortalama ömürlərini uzadırsan, amma artan yaşla fəaliyyət qabiliyyətinin məhdudlaşdıran xəsətlliklər də artır. Biz ölümün əsas səbəblərini aradan qaldırmağı bacarsaq da, uzunmüddətli əlilliyin səbəblərini aradan qaldıra bilməmişik,” deyə Vos bildirib.

Bəzi xəstəlik və əlilliklərin qarşısı alına bilər, amma Vos deyir ki, böyük xəstəliklərlə müqayisədə onların müalicəsinə böyük sərmayələr ayrılmayıb.

“Ona görə də, biz tibbi tədqiqat icmasını ölüm əvəzinə əlilliyin əsas səbəblərinə sərmayə qoymağa çağırırıq. Ümid edirik ki, bu, bizim ölüm hallarının azalmasında müşahidə etdiyimiz kimi bəzi irəliləyişlərə gətirib çıxaracaq.”

Ən aşağı orta ömür həddi Afrikanın Böyük səhraltı ölkələrinin payına düşür. Lesoto onların arasında ən pisidir. Orada orta ömür həddi sadəcə 42 ildir. Ondan sonra bu siyahıda Svazilend, Mərkəzi Afrika Respublikası, Qvineya-Bisau, Zimbabve, Mozambik, Əfqanıstan, Çad, Cənubi Sudan və Zambiya gəlir.

Ən əsası isə balaca uşaqlara təsir edən yoluxucu xəstəliklər, eləcə də neonatal problemlər azalıb
Teo Vos

“Oradakı ortaq məsələ İİV epidemiyasıdır. Mən özüm 10 il Cənubi Afrikada işləmişəm və İİV ora təsir edəndən öncə Lesotoda da işləmişəm və orada artıq yoxsulluqla əlaqəli xəstəliklər mövcud idi,” deyə o bildirib.

Koronar arteriya xəstəliyi, yəni ürəyə qan dövranının azalması əlil kimi yaşanılan ömrün bir nömrəli səbəbidir. İkinci yerdə alt tənəffüs infeksiyası, daha sonra isə iflic, aşağı bel və boyun ağrısı, habelə yol xəsarətləri gəlir.

Bundan əlavə bağırsaq xəstəlikləri, eləcə də xroniki obstruktiv ağ ciyər xəstəliyi var ki, buna xroniki bronxit və emfizem daxildir. Bunlardan savayı səbəblar arasında neonatal erkən doğum fəsadları, QİÇS/İİV, görmə və eşitmə qabiliyyətini itirmə və ruhi pozğunluqlar da yer alır.

Araşdırmanın nəticələri 188 ölkədəki əsas xəstəlik və xəsarətlərin analizinə əsaslanır. Professor Vos deyir ki, məqsəd səhiyyəni təkmilləşdirmək imkanları tapmaqdır. O deyir ki, araşdırma bu il BMT-nin Millenium Məqsədlərini əvəzləyəcək yeni Davamlı İnkişaf Məqsədlərinin tərtib olunmasına yardım edəcək.

XS
SM
MD
LG