Accessibility links

Oskar mükafatına nominasiyaların adları açıqlanıb


Oskar mükafatına nominasiyaların adları açıqlanıb
Oskar mükafatına nominasiyaların adları açıqlanıb

Bu gün səhər Los-Ancejelesdə Beverli Hillsdə keçirilən mərasimdə Amerika Film Akademiyası 2012-ci il Oskar mükafatlarına nominasiyaların adlarını açıqlayıb.

İlin ən yaxşı kino-filmi kateqoriyasında rejissor Martin Skorsezenin “Hugo” filmi bütün əsas kateroqiyalar da daxil olmaqla, 11 nominasiya alıb.

Fransa kinomatoqrafçılarının Hollivudda səssiz kino erasına həsr edilmiş “Artist” filmi 10 nominasiya qazanıb. Az büdcə ilə çəkilmiş kino-film gəlirli filmlər sırasına daxil olmayıb və göstərilməyə başlayandan cəmi 12 milyon dollar gəlir əldə edə bilib, lakin buna baxmayaraq, kino-tənqidçilərinin ən yüksək rəylərini alıb. “Artist” artıq Hiollivudun mətbuat assosiasiyasının təsis etdiyi Qızıl Qlobus mükafatına layiq görülüb. Keçən həftə isə film Prodüserlər Gildiyasının ən yüksək mükafatını alıb.

Buna görə də Oskar gecəsi 5 il bundan əvvəl “Departed” filminə görə ən yüksək mükafat almış veteran Skorseze ilə Hollivudda hələ ad qazanmayan Maykl Hazanavisius arasında rəqabəti izləmək maraqlı olacaq.

İlin ən yaxşı kino-filmi nominasiyasında göstərilən digər filmlər Bred Pitin baş rolda çəkildiyi “Moneyball”, quruluşçu-resjissor Stiven Spilberqin Birinci Dünya müharibəsində döyüşçülərə yardım etmiş at haqqında “War Horse”(“Döyüş atı”), ssenarist və quruluşçu-rejissor Vudi Allenin yaratdığı “Midnight in Paris”(“Parisdə gecəyarı”), “The Tree of Life”(“Həyat ağacı”), “The Help”(“Qulluqçu”) və “Extremely Loud & Incredible”(“Ucadan və çox yaxından”) filmləridir.

Digər əsas kateqoriyalara gəldikdə, ən yaxşı kişi rolunun ifaçılarını maraqlı rəqabət gözləyir. “Descendants”(“Varislər”) filmində orta yaşlı iki qız atasının rolunu ifa edən Corc Kluni bu kateqoriyada nominasiya almaqla yanaşı, həm də siyasi triller yanrında çəkdiyi filmdə ssenarinin ən yaxşı adaptasiyası kateqoriyasında nominasiyada göstərilib.

Ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasında göstərilən daha bir Hollivud ulduzu-Bred Pit “Moneyball” filmində beysbol komandasının meneceri roluna görə nominasiya edilib. Kluni və Pittdən başqa “Artist” filmində baş rolun ifaçısı Jan Düjardin də ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasında nominasiya edilib.

Ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında Britaniynın baş naziri olmuş Marqaret Tetçer haqqında “Iron Lady” (“Dəmir Ledi”) filmində baş rolu ifa etmiş aktrisa Meril Strip nominasiya edilib. Ekran ulduzu 17 dəfə nominasiya edilərək, Hollivudda ən çox nominasiya almış aktrisadır.

Meril Striplə Oskar mükafatı uğrunda rəqabət aparacaq digər aktrisalar “The Help” (“Qulluqçu”) kino-filmində qaradərili qulluqçu rolunu ifa etmiş Viola Deyvis, “My Week with Marilyn” (“7 gün 7 gecə Merilin Monro ilə”) filmində əfsanəvi Merilin Monro rolunun ifaçısı Mişel Vilyams, “Albert Nobbs” filmində baş rolun ifaçısı Qlen Klous və “The Girl with the Dragon Tattoo” filmində baş rolu ifa edən gənc aktrisa Roni Maradır.

Ən yaxşı xarici kino-film kateroriyasında İran istehsalı olan “A Separation”la (“Nadir və Siminin ayrılması”) yanaşı, Belçika, İsrai, Polşa və Kanada kino-yaradıcılarının filmləri göstərilib.

Oskar mükafatlarının təqdimatı mərasimi fevralın 26-da Hollivudda Kodak kino-teatrında keçiriləcək. Bu il mərasimin daha maraqlı olacağı gözlənilir. Keçən il aktyor Ceyms Franko və aktrisa Enn Hataveyın aparıcılıq etdiyi Oskar mərasiminin tənqidlərə məruz qalmasından sonra, 2000c-i ildə aparıcı olmuş Bill Kristalın bu il yenidən səhnəyə qayıtması xəbəri çoxları tərəfindən alqışlarla qarşılanıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG