Accessibility links

Azərbaycan Minsk qrupunu münaqişənin həlli istiqamətində səylərini artırmağa çağırıb


ATƏT Parlament Assambleyası
ATƏT Parlament Assambleyası

"Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir".

Report agentliyinin məlumatına görə, bu barədə fevralın 11-də Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclası zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Araz Əzimov
Araz Əzimov

Cənubi Qafqaz regionunda təhlükəsizlik sahəsində çağırışlar mövzusuna toxunan Araz Əzimov bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki səylərini artırmalıdır. Xarici işlər nazirinin müavini, həmçinin, Minsk Qrupunun bütün üzvlərinin iştirakı ilə görüşün keçirilməsinə çağırıb.

"Azərbaycan beynəlxalq hüquq prinsiplərinə sadiqdir. Terrorizm, radikallaşma və narkotik vasitələrin dövriyyəsi ilə mübarizə sahəsində də səylərimiz davam edir",Əzimov əlavə edib.

Öz növbəsində Contact.az saytı bildirir ki, ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer ATƏT-in Minsk qrupu işini tənqid edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimova cavab verib.

ABŞ Minsk qrupu həmsədrlərinin narahatlığına şərikdir, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində ağır silahın tətbiqini pisləyir. Tərəflər başa düşməlidirlər ki, münaqişənin hərbi həll yolu yoxdur.

“Biz həmsdərlərin tərəflərə gərginliyin azaldılması və mülki əhalinin həyatının müdafiəsi üzrə təcili tədbirlər görmək çağırışlarını dəstəkləyirik”, Bayer qeyd edib.

Daha sonra o, Əzimovun QHT-lərin insan hüquqları mövzusundan maliyyə mənfəəti üçün istifadə etdikləri və insan hüquqları sahəsində vəziyyətin pisləşdiyini iddia etdikləri ilə bağlı iradlarına reaksiya verib.

Daniel Bayer
Daniel Bayer

“Biz hökuməti beynəlxalq öhdəliklərinə və vəzifələrinə uyğun olaraq, bütün vətəndaşların insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və onları qorumağa çağırırıq. Bu, Azərbaycanın hərtərəfli təhlükəsizliyinə nail olmaqdan ayrı tutula bilməz”, deyə Bayer bildirib.

“ABŞ ATƏT-in Bakı ofisinin bağlanmasına təəssüf edir və ümid edir ki, bu, müvəqqətidir, çünki bu iştirak qanunçuluğun, insan hüquqlarının möhkəmlənməsi və transmilli təhlükələrə qarşı mübarizə məsələləri üzrə əməkdaşlığa və işə şərait yarada bilərdi”, deyə Bayer qeyd edib

APA agentliyi isə bildirir ki, Danile Bayer çıxışında Amerika Birləşmiş Ştatlarının Yeni İpək Yolunun bir hissəsi kimi Azərbaycanın regional daşıma xidmətlərinin və digər infrastrukturun inkişafına yönəlmiş səylərini dəstəklədiyini bəyan edib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında geniş əlaqələr mövcuddur.

“ABŞ Azərbaycana demokratik, firavan, təhlükəsiz və suveren ölkə olmaq yolunda irəliləyiş əldə etmək üçün kömək etmək istəyir. Biz enerji, təhlükəsizlik və kommersiya məsələləri sahəsində əlaqələrimizin məhsuldar və dayanıqlı inkişafına nail olmuşuq. Azərbaycan təhsil, insan alverinə qarşı mübarizə və qadın haqları sahəsində vacib irəliləyişlər əldə edib. Azərbaycan həmçinin beynəlxalq sülhün qorunması, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və diversifikasiyası üçün vacib töhfələr verir”.

Səfir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanla yeni sahələrdə də işləməkdə maraqlıdır:

TRACECA
TRACECA

“Azərbaycan Qafqazla Mərkəzi Asiya və ondan kənarda iqtisadi rabitənin qurulmasında, bu mövzuda ATƏT çərçivəsində dialoqun aparılmasında vacib rol oynaya bilər. Biz Azərbaycanda gömrük prosedurları sahəsində görülən islahatları alqışlayırıq və azərbaycanlı tərəfdaşlarımızla bu sektorda daha çox inkişafın əldə olunmasına təkan vermək üçün işləyirik. ABŞ həmçinin Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatı şaxələndirmək və iqtisadi inkişafa təkan vermək sahəsində atılan addımları qiymətləndirir. Son islahatlar rəqabətliliyi artıracaq, investisiyaları təşviq edəcək, kiçik və orta biznesin inkişafına təkan verəcək və özəl sektorla dialoqu gücləndirəcək”.

D. Bayer qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan hökuməti ilə həm ikitərəfli formatda, həm də ATƏT çərçivəsində işləmək prinsipinə sadiqdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG