Accessibility links

Osman Gündüz: Hökumət internet idarəetməsini, tənzimləməni əlində saxlayır, kommersiya ilə məşğuldur [Audio]


İnternet Forumun prezidenti Osman Gündüz

İnternet Forumun prezidenti Osman Gündüz

Ekspert domen alınması sahəsində beynəlxalq normalar və qanunvericiliyin pozulduğunu bildirir

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsi radiosuna müsahibəsində Freedom House təşkilatının hesabatında Azərbaycanın internet azadlığını qismən təmin edən ölkələr sırasına daxil edilməsi və ölkədə internet azadlığı sahəsindəki reallıqlardan danışıb.


Onun fikrincə, Freedom House internet azadlığını daha geniş anlamda qiymətləndirir.

“Bizim anlamda internetə giriş azadlığı, senzuranın olmaması təmin edilibsə internet azaddır. Amma, Feedom House həm də internetə giriş imkanları, tənzimləmə mexanizmləri, istifadəçilərin hüquqları anlayışlarını qiymətləndirir. Doğrudan da bu anlayışlardan yanaşanda təşkilatın hesabatı müəyyən qədər reallığı əks etdirir”.

O hesab edir ki, Azərbaycan internet bazarında hər şeyi bazarın həll etməsi barədə düşünmək tezdir.

“Birincisi, müstəqil tənzimləyici qurum yoxdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hələ də dövlət idarəetməsini, tənzimləməni əlində saxlayır. Nazirlik həm də kommersiya ilə məşğuldur. Bazarda satışla məşğul olan 3 dövlət provayderi var: Bakinternet, Aztelekom və Az.com”.

Ekspert domenlərlə bağlı azadlıq olmadığını deyib.

“Bəlkə də internet sahəsində ən ciddi problemlərdən biri budur. Bu sahədə həm beynəlxalq normalar, həm də Azərbaycan qanunvericiliyinin normaları pozulur. Qanunda nəzərdə tutulmuş müstəqil qurum hələ də yoxdur. Hazırda bu sahədə tənzimləməni, qiyməti bir qurum həyata keçirir. Bu qurum isə nazirliyin qanunsuz olaraq internet ictimaiyyəti adından verdiyi bir məktub əsasında fəaliyyət göstərir. Bunun nəticəsində hələ də Azərbaycanda on-layn qeydiyyat sistemi yoxdur”.

O.Gündüz internetin birbaşa dövlətin nəzarətində olması fikri ilə razılaşmır.

“İnternet tam dövlətin nəzarətində deyil. 30 provayder fəaliyyət göstərir. Amma, bazarda xüsusi çəki dövlət provayderlərinin əlindədir”.

Ekspert internet istifadəçilri ilə bağlı hökuməti tənqiddən sonra bəzi problemlərin yarandığını deyib.

“Bloqçulara təzyiqlər kütləvi deyil və hökumət tərəfindən məqsədli edilmir. Ayrı-ayrı hallarda təzyiqlər olur. Məsələn, Quba icra hakimiyyəti başçısının çıxışını internetdə yayan bloqçu həbs edilib”, o qeyd edib.
XS
SM
MD
LG