Accessibility links

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dövlət Bayraq Günü ölkədə qeyri-iş günüdür.

“Azərbaycanın Dövlət Bayrağı haqqında” ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarla Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilib. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti Gəncə şəhərində yerləşirdi.

Azərbaycan hökuməti Bakıya 1918-c il sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra köçüb. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başladıqdan az sonra bayraq haqqında ikinci qərar qəbul edilib.

Azərbaycan hökumətinin "Milli bayraq haqqında” 9 noyabr 1918-ci il tarixli qərarına görə isə milli bayraq yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət təsvirdən ibarətdir.

Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında deyib. "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Azərbaycan prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bu gün Bakıda Dövlət Bayrağı Meydanı, Bayraq muzeyi fəaliyyət göstərir. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu qeydə alıb.

XS
SM
MD
LG