Accessibility links

"Amerikada gənc müsəlmanlar stereotiplərin aradan qaldırılmasına çalışmalıdır"


Oya Rouz Aktaşla müsahibə
please wait

No media source currently available

0:00 0:06:00 0:00

Oya Rouz Aktaşla müsahibə

Birləşmiş Ştatlarda yaşayan gənc müsəlmanlar kimlikdən tutmuş ölkədə və qlobal miqyasda müsəlmanlar əleyhinə ritorika və müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulması kimi çağırışlarla bağlı narahatlıqlarını ifadə edir. Bu həftə Amerikanın səsində keçirilmiş müzakirələr zamanı gənc müsəlmanlar Amerikada qarşılaşdıqları çətinliklərdən danışıblar. Müzakirə iştirakçılarından biri, Missuri ştatının Sent Lyuis şəhərində Vaşinqton universitetinin tələbəsi Oya Rouz Aktaş Amerikanın Səsinə müsahibədə gənc müsəlmanları qayğılandıran məsələlər və ABŞ-da İslam haqda gedən müzakirələrdən danışıb.

Gənc amerikalı müsəlmanlar kimlərdir?

Anası amerikalı, atası türk olan Oya Rouz Aktaş Birləşmiş Ştatlara 9 yaşında mühacirət edib. O, Amerikada yaşayan müsəlman gənclərin böyük bir qrupu təmsil etdiyini deyib. “Bu qrupa aid olanlar ailələri, ya da özləri müsəlman ölkələrində böyüyüb sonradan Amerikaya gələn insanlar ola bilər. Amerikada İslamı qəbil etmiş qaradərililər də bu qrupa aid ola bilər. Amerikada gənc müsəlmanların sayı çoxdur və onlar geniş təbəqələri əhatə edir.”

Oya Rouz Aktaş Amerikanın Səsinin təşkil etdiyi müzakirələrdə kimlik məsələsi ətrafında diskussiyalarından danışaraq, gənc amerikalı müsəlmanların dini, etnik və mədəni kimliklərə malik olduğunu qeyd edib. “Bu, həm dini, həm də mədəni kimlikdən ibarətdir. Təkcə özlərini müsəlman olaraq tanıyan insanlar aid deyil, müsəlmanların mədəni fəaliyyətlərinə qatılan insanlar da özlərini müsəlman kimi tanıya bilər. Buraya təkcə mühafizəkar və açıq fikirli müsəlmanlar deyil, bunun xaricində sünni, ələvi, şiə müsəlmanlar da daxildir.”

Oya Rouz Aktaş Amerikada gənc müsəlmanların qarşılaşdığı çətinliklər sırasında cəmiyyətdə mövcud steretipləri göstərib. “Təəssüf ki, Amerikada müsəlman sözü qorxu yaradacaq bir söz kimi qəbul edilir. Amerikada İslamı qorxulu bir şey kimi görən insanlar gənc müsəlmanlara çox kəskin reaksiya göstərir. İnsanlar İslamın müxtəlifliyə malik, çeşidli bir din olduğunu anlamır. Amerikada yaşayan müsəlmanlar İslamı müdafiə etmək mövqeyində qalırlar və özlərini Amerika cəmiyyətindən kənar hiss edirlər. Buna görə də Amerikada yaşayan müsəlmanlar üçün cəmiyyətə inteqrasiya çox önəmlidir və eyni zamanda çox çətindir.”

Bu steretiplərin aradan qaldırılması üçün Amerikada İslam haqda diskussiya nə dərəcədə önəmlidir və burada gənc müsəlmanlar hansı rol oynaya bilərlər?

“Amerikalıların müsəlmanları daha yaxşı anlaya bilməsi üçün İslamın sadəcə mühafizəkar və açıq fikirli kimi müəyyən edilməsindən kənara çıxıb İslamın müxəlifliyini amerikalılara daha yaxşı izah etməyimiz lazımdır. Gənc müsəlmanlar bunu sosial mediada edə bilərlər. Sosial mediada İslam tarixi, ədəbiyyatı, sənətini amerikalılara təqdim edə bilsək o zaman amerikalıların müsəlmanların çox zəngin mədəniyyətə malik olduğunu biləcəklər və müsəlmanlıqdan qorxmaqdansa İslam haqda daha çox şey öyrənmək istəyəcəklər.”

Oya Rouz Aktaş Amerikada İslam haqda aparılan müzakirələrin düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd edib. “Amerikada İslam və terror sözləri arasında bağlantını ayırmaq lazımdır. Bir insanın müsəlman olması onun terrorla əlaqəsi olduğu demək deyil. Amerikada “islam terrorizmi” ifadəsinin işlədildiyini görürük. Bunun dəyişməsi lazımdır.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG