Accessibility links

Pakistanda ABŞ tərəfindən axtarışda olan terrorçu qətlə yetirilib


Pakistan hərbi qüvvələri Birləşmiş Ştatların 2009-cu ildə Nyu-York şəhərinin metro sistemində hücum planlaşdırdığına görə axtarışını elan etdiyi yüksək rütbəli Əl-Qaidə üzvünün qətlə yetirildiyini bildirib.

Hərbi qüvvələrin verdiyi məlumata əsasən, Adnan Şukricuma şənbə günü səhər Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Cənubi Vəziristan bölgəsində Şinvarsakdakı istinadgahında öldürülüb. Onunla əlbir iki nəfərin də öldürüldüyü haqda məlumat verilib.

Hərbi qüvvələr reyd zamanı beş yaraqlının həbs edildiyini bildirib.

Adnan Şukricuma iyun ayında Pakistan hökumətinin yaraqlılarının bazalarına başladığı hücumlardan qurtarmaq üçün qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsindən Cənubi Vəziristana qaçıb.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Səudiyyə Ərəbistanında anadan olmuş Şukricumanı axtarışda olan terrorçular siyahısına salıb və onun ələ keçirilməsinə yardım göstərən şəxsə 5 milyon dollar vəd edib.

ABŞ prokurorları Şukricumanı Nyu-York metrosunda partlayış törətmək üçün kütləvi qırğın silahlarından istifadə etməyi planlaşdırdığını bildirirlər.

XS
SM
MD
LG