Accessibility links

Diplomatlar Fələstin dövlətinin tanınması məsələsini müzakirə edir

  • Amerikanın səsi

Diplomatlar Fələstin dövlətinin tanınması məsələsini müzakirə edir

Diplomatlar Fələstin dövlətinin tanınması məsələsini müzakirə edir

Bu ay BMT-nin Baş Assambleyasının sessiyasında dünya ölkələrinin diplomatları Fələstin dövlətinin tanınması məsələsini müzakirə edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, rəsmi Vaşinqton BMT-də məsələnin qaldırılması ilə sabit Fələstin dövlətinin yaradılmasının mümkün olmadığı qənaətindədir.

Fələstinlilərin bu ay BMT-də ya Təhlükəsizlik Şurası, ya da Baş Assambleyada dövlətlərinin tanınmasına təkid edəcəyi gözlənilir.

“Bizim fikrimiz budur ki, heç bir variant, nə Təhlükəsizlik Şurası, nə də Baş Assambleya, bizim istədiyimiz sabit, təhlükəsiz dövlətin yaradılmasına gətirib çıxarmayacaq. Bu, danışıqlar yolu ilə edilməlidir və bunun ən qısa yolu da budur.”

Təklifin Təhlükəsizlik Şurasında keçməsi üçün bütün beş daimi üzvün razılığı lazımdır. Dövlət Departamentinin sözşüsü Birləşmiş Ştatların məsələ şuraya çıxarılsa, ona veto qoyacağını bir daha vurğulayıb.

Diplomatlar Fələstin dövləti məsələsini bu həftə Qahirədə müzakirə ediblər. Burada Avropa İttifaqının xarici işlər naziri Ketrin Eşton Misirin Xarici İşlər naziri Məhəmməd Kamel Amrla görüşüb.

Eşton deyib ki, Avropa İttifaqı Fələstin dövlətinin Baş Assambleyada qeyri-üzv statusu ilə bağlı öz mövqeyini hələ formalaşdırmayıb. Təklifin keçməsi üçün Baş Assambleyada üçdə iki əksəriyyət əldə etmək lazımdır.

“Masa üzərində bir qərar yoxdur, deməli, mövqe də yoxdur. Amma Avropa İttifaqına aydındır ki, irəliyə yol danışıqlardan keçir. Biz ədalətli həll yolunun tərəfdarıyıq. Biz Fələstin və İsrail xalqlarının sülh və əmin-amanlıq içində birgə yaşamasını istəyirik.”

Ərəb Liqasının Baş katibi Nabil Əlarabi təşkilatın Fələstin dövlətinin bütün ölkələr tərəfindən tanınmasını istədiyini bildirir.

BMT-nin Baş katibi Ban Ki Mun iki dövlətin mövcudluğu kimi həll yolunun tərəfdarıdır. O deyib ki, İsraillə bərabər müstəqil Fələstin dövlətinin mövcudluğu məsələsinin vaxtı artıq çoxdan gəlib çatıb və tərəfləri bu nəticənin əldə edilməsi üçün yenidən danışıqlar masasına qayıtmağa çağırıb.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, ABŞ diplomatları gələn həftə Baş Assambleyanın yüksək səviyyədə keçiriləcək iclaslasrından öncə israillilər və fələstinliləri danışıqlar masasına qaytarmağa çalışır.

XS
SM
MD
LG