Accessibility links

Palliativ yardım- ləyaqətli həyat fəlsəfəsi və ya ləyaqətli ölüm


Palliativ yardım- ləyaqətli həyat fəlsəfəsi və ya ləyaqətli ölüm

Palliativ yardım- ləyaqətli həyat fəlsəfəsi və ya ləyaqətli ölüm

Azərbaycanda 45 000 nəfərin palliativ yardıma ehtiyacı var. Onlardan yalnız 7 000 onkoloji xəstə və QİÇS xəstələri ağrıkəsicilərlə təmin edilir.

Açıq Cəmiyyət İnstitutu-İctimai Səhiyyə Proqramı Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Palliativ yardım- ləyaqətli həyat fəlsəfəsi” mövzusunda “dəyirmi masa” keçirib.
Forumda palliativ yardımın milli qanunvericilik, təhsil, səhiyyə sistemində yeri, palliativ xidmət sahəsində beynəlxalq təcrübə müzakirə edilib. Palliativ yardım sağalmaz xəstəlik diaqnozu qoyulmuş xəstələrin həyatını yaxşılaşdırmaq məqsədilə onlara və ailə üzvlərinə göstərilən çoxsaylı xidmətlərin əlaqələndirilmiş, uzlaşdırılmış sistemidir. Belə ki, ölüm ayağında olan xəstələrə səriştəli, tələblərə cavab verən tibbi yardım, mənəvi, psixoloji yardım edilməli, sosial xidmətlər göstərilməlidir. “Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər bir ailə orta hesabla 10 ildə bir dəfə sağalmaz xəstəyə qulluq edir. Palliativ yardım hər bir xəstənin ağrılarının azaldılması, ömrünün son günlərini ləyaqətlə yaşaması deməkdir”, - Açıq Cəmiyyət İnstitutu-İctimai Səhiyyə Proqramının direktoru Leyla Əliyeva bildirib. Dünyada hər il sağalmaz xəstəliklərdən 50 milyon insan dünyasını dəyişir, onların 35 milyonu ömrünün sonunu ağrılar içərisində və ya tənha şəraitdə başa vurur. “Bütün insanlar ömrünü ləyaqətlə başa vurmalıdır. Azərbaycan Milli Məclisi oktyabrın 25-də “Sosial xidmətlər haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək. Sənəddə iki maddə palliativ xidmətlərə həsr edilib. Səhiyyə Nazirliyi ilə “Əhalinin sağlamlığı haqqında” qanuna yenidən baxılması barədə razılıq var. Bu qanunda bir fəsil palliativ yardıma həsr ediləcək. Çalışacağıq ki, 2013-cü ilin dövlət büdcəsində palliativ yardım və xidmətlər üçün vəsait ayrılsın”, - Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, palliativ yardım səhiyyə xidmətinin əsas prioritet sahələrindən biri olmalıdır. “Azərbaycanda 45 000 nəfərin palliativ yardıma ehtiyacı var. Onlardan yalnız 7 000 onkoloji xəstə və QİÇS xəstələri ağrıkəsicilərlə təmin edilir. Amma ehtiyacı olan hər bir insana palliativ yardım və xidmət göstərilməlidir. Onlar ağrıkəsicilərlə təmin edilməli, hüququ, sosial, mənəvi və psixoloji yardım almalıdır. Ömrünün sonuna çatmış insanlar bir qayda olaraq Allah ilə danışırlar. Günahlarının bağışlanmasını istəyirlər. Özləri istədikdə, din xadimləri də onlara yardımçı olmalıdır”, - Milli Məclisin deputatı İlham Məmmədov bildirib. Maraqlıdır ki, Azərbaycan ağrıkəsicilərin istifadəsinə görə dünya dövlətləri arasında sondan 36-cı yeri tutur. “Bu, Azərbaycan insanının ağrıya daha dözümlü olması demək deyil. Ağrıkəsici dərmanların verilməsi sahəsində çətinliklər və palliativ yardımın təşkili sahəsində vəziyyətin göstəricisidir”, - ekspertlərdən bir vurğulayıb. Ekspertlər hesab edirlər ki, qərb ölkələrində olduğu kimi, Azərbaycanda da ağrı şkalası tətbiq edilməlidir. “Bu şkala ağrıların obyektiv qiymətləndirilməsinə və ağrının dərəcəsinə uyğun ağrıkəsici vurulmasına imkan yaradır”, - ekspert qeyd edib.

XS
SM
MD
LG