Accessibility links

Fransa polisi qaçdığı güman edilən səkkizinci şübhəlini axtarır. Bu, Belçikada Brüsseldə anadan olmuş 26 yaşlı Salah Əbdüsəlamdır. Səkkizinci şübhəli haqda açıqlanmış məlumatda onun təhlükəli olduğu və onunla bağlı məlumatı olanların rəsmilərlə əlaqə saxlamalı olduqları deyilir.

O, Parisdə koordinasiya edilmiş hücumlarla əlaqədar olan üç qardaşdan biridir.
Qardaşlardan biri İbrahim Salah özünü Bataklan musiqi zalında 80-dən çox insanın həlak olduğu hücum zamanı partladıb. Belçika rəsmiləri üçüncü qardaşı saxlayıb.

Belçika rəsmiləri Parisdə terror hücumları ilə əlaqədar yeddi nəfərin saxlandığını bildiriblər. Rəsmilərdən biri yeddi hücumçudan ikisinin Brüsseldə yaşayan Fransız vətəndaşları olduğunu bildirib.

Belçika rəsmisinin sözlərinə görə, Fransa vətəndaşlarından biri dini ekstremizmin yayıldığı və Suriyaya yola düşən döyüşçülərin koordinasiya mərkəzi hesab edilən Molenbek məhəlləsində yaşayırdı.

Polis Parisdə terror hücumlarında şəxsiyyəti müəyyən edilmiş ilk terrorçu Ömər İsmayıl Mostefayinin qohumlarını sorğu-sual edib.

Bu arada, barlar və restoranlarda insanlara atəş açan silahlının istifadə etdiyi avtmobildə üç Kalaşnikov avtomatının tapıldığı bildirilir. İspaniya istehsalı olan Seat Leon avtomobili Fransa paytaxtının şərqindəki Montreuil qəsəbəsində küçələrin birində tapılıb. Hücumlar zamanı istifadə etdilən avtomobillərdən biri olduğu ehtimal ediln Folksvagen Polo markalı avtomobil 89 adamın öldürüldüyü Bataklan konsert zalı yaxınlığında aşkar edilib.

Parisin altı müxtəlif yerində koordinasiya edilmiş hücumlara görə məsuliyyəti İslam Dövləti ekstremist qrupu öz üzərinə götürüb.
Terror aksiyaları nəticəsində azı 129 adam həyatını itirib və yüzlərlə adam yaralanıb.

XS
SM
MD
LG