Accessibility links

DTİ: 1200 deputatlığa namizəd qeydə alınıb, yüzlərlə namizədin qeydiyyatından imtina edilib


Akif Qurbanov

Akif Qurbanov

Demokratik Təşəbbüslər İnstitutu (DTİ) parlament seçkilərinin monitorinqi haqqında ilk aralıq hesabatını dərc edib. Hesabat namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsini əhatə edir.

Ümumilikdə 1200 namizəd qeydiyyata alınıb, lakin müxtəlif bəhanələrlə yüzlərlə namizədin qeydiyyatından imtina olunub.

Seçkilərin texniki təşkilinin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, demokratik mühitin yaradılması üçün ciddi çətinliklər var.

Bütün səviyyələrdə seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, belə ki, komissiyalarda hökumətyönümlü qüvvələr həlledici əksəriyyəti təşkil edir ki, bu da qərəzsizliyi və obyektivliyi sıfıra endirir.

Seçki kampaniyası hakimiyyət, müxalifət və vətəndaş cəmiyyəti arasında dialoq mühitinin olmaması ilə səciyyələnir.

Siyasi məhbuslar azad edilməyib, KİV, toplaşmaq azadlığı sahəsində problemlər, ictimai-siyasi fəaliyyətdə məhdudiyyətlər qalmaqdadır, birinci mərhələdə azad və demokratik seçkilər üçün normal şərait yoxdur.

“Seçki Məcəlləsi”nə məhdudlaşdırıcı düzəlişlər namizədlərin qeydiyyatından əsassız imtina üçün şərtləri sadələşdirib. 87 dairədə bu cür problemlər qeydə alınıb.

Bu mərhələ həmçinin yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxiləsi, namizədlik irəli sürmək istəyənlərə təzyiq, bərabərlik prinsipinin pozulması, seçicilərin kütləvi olaraq namizədlərin xeyrinə imza verməkdən imtina etməyə məcbur edilməsi faktları ilə səciyyələnib. Nəticədə, 46 dairədə alternativsizlik mühiti formalaşıb.

Dairə seçki komissiyalarında və MSK-da şikayətlərə baxılması zamanı şəffaflıq prinsipləri və ərizələrin araşdırılması prosedurları pozulub.

Yuxarıda sadalanan faktlar 1 noyabr parlament seçkilərinin azad, ədalətli və demokratik mühitdə keçiriləcəyini şübhə altına qoyur.

Demokratik Təşəbbüslər İnstitutu 2013-cü ildə bir qrup müstəqil hüquqşünas tərəfindən yaradılıb. Quruma MSK üzvü Akif Qurbanov rəhbərlik edir. Ədliyyə Nazirliyi bu QHT-ni qeydiyyata almaqdan imtina edib.

Öz növbəsində, rəsmi Bakı ölkədə demokratik, azad və ədalətli seçki mühitinin yaradıldığını bəyan edir. Mərkəzi Seçki Komissiyası isə bütün seçki dairələrində deputatlığa namizədliyin irəli sürülməsində, seçki təşviqatı aparılmasında hər hansı problemin olmadığını bildirir. MSK seçkilərin demokratik və azad mühitdə keçirilməsi üçün bütün şəraitin mövcud olduğunu deyir.

Bununla yanaşı, bir sıra müxalifət partiyaları seçki mühitinin azad olmadığını, namizədlərə, o cümlədən müxalif mövqedə olan deputatlığa namizədliyə iddialı olanlara imza vermiş şəxslərə və onların ailələrinə təzyiqlərin olduğu barədə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG