Accessibility links

Amerika azərbaycanlıları Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini dəstəkləyir


ABŞ-dakı Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu Senatı Çak Heygeli müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağıraraq, keçmiş senatorun namizədliyinə dəstək vermək üçün icma üzvlərinə müraciət edib.

Müraciətdə deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezident Obamanın kəşfiyyat məsələləri üzrə məsləhət şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər zaman dəstək verib. Burada senator Heygelin Amerikada ermənilərin maraqlarını təmsil edən qrupların təsiri nəticəsində ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəlişə etirazını bildirdiyi, onun Cənubi Qafqazda enerji lahihələrinə dəstək verdiyi qeyd edilir.

İcma üzvlərinə müraciətdə deyilir ki, Türkiyə ilə davamlı dostluq münasibətlərinə dərin inamı olan senator Heygel Mustafa Kamal Atatürkü 20-ci əsrin ən dəyərli liderlərindən biri adlandıraraq, onun irsinin amerikalıların gələcək nəsillərinə öyrədilməli olduğunu deyib. Müraciətdə senator Heygelin ABŞ Konqresində ermənilərin iddia etdiyi soyqırıma dair qətnamələr əleyhinə çıxış edərək, tarixi mübahisələri həll etmək üçün Türkiyə və Ermənistan arasında dialoqa çağırdığı qeyd edilir.

Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu ABŞ xarici siyasəti, kəşfiyyat və təhlükəsizlik sahələrində böyük təcrübəsini nəzərə alaraq, Vyetnam müharibəsi veteranı və xarici siyasət məsələləri üzrə ekspert olan senator Çak Heygelin namizədliyinə dəstək bildirmək üçün Azərbaycan icmasının üzvlərini Senata, habelə Amerikanın aparıcı mətbuat orqanlarına məktublar göndərməyə çağırır.

ABŞ prezidenti Barak Obama Leon Panettanı Birləşmiş Ştatların Müdafiə naziri vəzifəsində əvəz etmək üçün yanvarın 7-də keçmiş senator Çak Heygelin namizədliyini irəli sürüb.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG