Accessibility links

“Siz debata baxdınızmı, onların danışığını, bir-birini ittiham edib, ələ saldığını gördünüzmü? Bizim ölkədə belə seçki istəyərdinizmi?” deyə İran prezidenti Həsən Ruhani bu yaxınlarda ikrahla ABŞ seçki prosesini şərh edib. Demokrat namizəd Hillari Klintonla Respublikaçı rəqibi Donald Tramp arasındakı debatlar nisbətən sərt tonu ilə keçmiş debatlardan müəyyən mənada fərqlənir. Amma elə də çox yox. Prezident debatları həmişə səs-küylü olub, rəqabət də ki, kifayət qədər intensiv. Günün sonunda iki adam hakimiyyət uğrunda mübarizə aparır və bu mübarizənin mehribanlıq şəraitində, qarşılıqlı komplimentlərlə müşayiət olunacağını gözləmək sadəlövhlük olardı. Prezident debatları Amerikada iki siyasi düşərgəni, iki siyasi şəxsiyyəti fərqləndirən mənzərini ortaya qoydu. Eyni zamanda, etiketlərə etinasızlığı, ədabazlıqdan uzaqlığı, dilinin sadəliyi, şəffaflığı və nəhayət mahiyyətinin demokratikliyi ilə onlar, müəllif Tom Vulfun təbirincə desək, unikal Amerika ideyasını əks etdirirdi.

Üç adam və qılıncın sığışmadığı tunel o qədər dar idi ki, səfir sadəcə prezidentə əl vermək üçün özünü geri sıxaraq, qılıncını kənara itələməli oldu.

“Əgər soruşsanız, Amerika ideyası 1803-cü il, 2 dekabrda – dəqiq desək, cümə günü axşam saat 5-də anadan oldu,” Vulf “Pell-Mell” başlıqlı məqaləsində Tomas Ceffersonun yenicə təyin olunmuş Britaniya səfiri ilə naharı haqda yazır. Baş verənlər anlaşılmazılıq deyildi. Həmin axşam Ceffersonun hərəkətləri Avropadan gəlmiş səfiri elə bir qəzəbli hala gətirmişdi ki, səfirin qulaqlarından az qala tüstü çıxırdı. “Bax elə pell-mell bu idi.”

Əslində hər şey üç gün öncə başlamışdı, Vulf məsələni incələyir. Vaşinqtonda ilk səfir qismində fəaliyyətə başlayan Antoni Merri ABŞ prezidentinə formal təqdimat məqsədilə Ağ Evə təşrif buyurur. Zadəgan Avropa ənənələrinə uyğun olaraq lələkli şlyapa, ritual qılınc, qızıl ilmələr və par-par parıldayan ayaqqabılar geymiş səfiri qəbul otağında prezident qarşılamır. Əvəzində Merri və dövlət katibi Ceyms Madison prezidenti axtarmağa gedirlər. Ağ Evi dolaşarkən səfir nəhayət Ceffersonun iş otağına aparan dəhlizdə prezidentlə üz-üzə gəlir. “Üç adam və qılıncın sığışmadığı tunel o qədər dar idi ki, səfir sadəcə prezidentə əl vermək üçün özünü geri sıxaraq, qılıncını kənara itələməli olur,” Vulf yazır. “Prezidentin əlini sıxan səfir dəhşətə gəlir. Birləşmiş Ştatların prezidentinin əynində yöndəmsiz bir köynək, ayaqlarında isə sadə başmaq vardı.”

Amerikalıların sadə davranış kodundan və şəxsən onunla rəftarından təngə gəlmiş səfir Antoni Merri Londona yazdığı məktublarda ev sahiblərini sərt şəkildə tənqid edir, az qala geri çağırılmasını xahiş edirdi.

Amerikalıların sadə davranış kodundan və şəxsən onunla rəftarından təngə gəlmiş səfir Antoni Merri Londona yazdığı məktublarda ev sahiblərini sərt şəkildə tənqid edir, az qala geri çağırılmasını xahiş edirdi.

Üç gün sonra Ağ Evdə veriləcək ziyafətə xanımı ilə birgə dəvət olunanda Merri zənn edirdi ki, bu, onun amerikalı ev sahibləri üçün xətalarını düzəltməyə bir fürsət olacaq. Qonaqları qarşılayan Cefferson diplomatik etiketə uyğun olaraq Merrinin xanımı Elizabeti müşayiət etmək əvəzinə, Madisonun xanımı Dollidən qoluna girməyi xahiş etdi. Ziyafət otağının ortasında qoyulmuş iri dəyirmi stol arxasında əyləşən Prezident sağında qonağın şərəfinə ayrılmış stulda əyləşməyi də Dolliyə təklif etdi. Ancaq Ceymz Madison səfirin xanımı Elizabetə prezidentin o biri tərəfində oturmağa imkan vermədi. Həmin yerdə İspaniya səfirinin xanımı əyləşdi.

Səfirin öz durumu isə betər idi. Özünün nəinki otaqda, bütün şəhərdə ən zadəgan şəxsiyyətlərdən biri sayan Merri nizamsız, tələskən, çaşqın qonaq kütləsi ilə bərabər harada-gəldi oturmaq məcburiyyətində qalmışdı – necə deyərlər, pell-mell. “Səfir seçimlə üzləşirdi – ya yer tapıb əyləşmək, ya da hamının qarşısında teatr çıxarmaq,” Vulf situasiyanı təsvir edir. “Belə olan halda Merri tələsik ispan səfirin xanımının yanındakı stula yaxınlaşdı. Amma yerinə çatar-çatmaz özünü “konqresmen” adlandıran bir yekəbaş onu ötüb yeri tutdu.” Avropadan gəlmiş səfirlər məna dolu nəzərlərlə bir-birlərinə baxaraq mesaj verirdilər. Merri və xanımı bir daha Ağ Evdə nahar etməyəcəklərinə söz verdilər.

Cefferson dərk edirdi ki, konstitutsiyada istənilən radikal azadlığı təsbit etmək və demokratiyanı dəmir kimi möhkəm təminatlarla əhatələmək olar, amma bunların heç biri amerikalıları Avropadakı kütlələrlə eyni taleyi, sonucu paylaşmaqdan sığortalamayacaq.

Problem onda idi ki, bir çoxlarından fərqli olaraq Tomas Ceffersonu səviyyəsiz adlandırmaq həqiqətdən uzaq olardı. Ceffersonun mənsub olduğu ailə Amerikanın ən varlı ailələrindən biri idi. Bu, həm latınca, həm fransızca sərbəst danışan, Platon və Aristoteli orijinal yunan dilində oxuya bilən adam idi. Cefferson vaxtikən öz ölkəsini Fransada, XVI Lüdoviqin sarayında səfir kimi təmsil etmiş kosmopiltan bir şəxsiyyət idi.

Birləşmiş Ştatların üçüncü prezidentinin dühası onun siyasi biliyində yox, psixologiyanı qavrayışında idi, Vulf yazır. “O, dərk edirdi ki, sən konstitutsiyada istənilən radikal azadlığı təsbit edə bilər (mətbuat azadlığı, etiqad azadlığı həqiqətən də öz dövrlərinin, 18-ci əsrin son dərəcə radikal ideyaları idi) və demokratiyanı dəmir kimi möhkəm təminatlarla əhatələyə bilərsən, amma bunların heç biri amerikalıları Avropadakı kütlələrlə eyni taleyi, sonucu paylaşmaqdan sığortalamayacaq. Yüz illərlə ilahi mandata sahib krallar və sülalə mənsubiyyəti ilə titul qazanmış aristokratlar tərəfindən idarə olunan kütlələr psixoloji travmaya məruz qalmış və mənfi təkamüldən sağalmaz yara almışdılar. Qədərlərinə boyun əymiş bu adamlara təlqin olunmuşdu ki, qisməti hökumətdə, sənayedə, ziyalılıqda başbilənlik olan imtiyazlı bir zümrə var ki, onun cəmiyyəti idarə etmək haqqı inkaredilməzdir.”

Dəbdəbəli geyimlər, xüsusi mərasimlər, və cəmiyyətə təlqin olunan bir çox rituallar Avropada aristokrat sinfin öz aliliyi haqda təsəvvür yaratmasına və bununla da sosio-iqtisadi piramidada üstün mövqeyini qorumasına xidmət göstərirdi.

Dəbdəbəli geyimlər, xüsusi mərasimlər, və cəmiyyətə təlqin olunan bir çox rituallar Avropada aristokrat sinfin öz aliliyi haqda təsəvvür yaratmasına və bununla da sosio-iqtisadi piramidada üstün mövqeyini qorumasına xidmət göstərirdi.

Ceffersonun fikrincə, xoşbəxtlikdən, Tanrı amerikalıları bu bəladan hifz etmişdi. 18-ci əsrdə Britaniyanın aristokratik ritualları Amerikada kök salmağa macal tapmamışdı. Bunun əslində obyektiv səbəbi var idi. Öz kübar klublarına, karetalara, ballara, pariklərə, valetlərə, dərzilərə öyrəşmiş ingiliz zadəganlarının Amerika kimi ucsuz-bucaqsiz məkana ayaq basmaq ağıllarına da gəlmirdi. Amerikada hər şeyin və hər kəsin fərqli görünüşü bir az fərqli idi – hətta qadınların da.

Virciniyalı millət atası öz düşüncəsində qət etmişdi ki, nə Avropa nə də Amerikadan qaynaqlanan aristokratiya bu ölkədə heç vaxt yuva salmasın. Sözün hərfi mənasında aristokratiya “ən yaxşıların” idarəçiliyi deməkdir. Amerika kontekstində bu, əvvəl axır plütokratiyaya – ən varlı adamların idarəçiliyinə yol aça bilərdi ki, varlılar qanun vasitəsilə mülkədarlığı çox keçməmiş sosial rütbələrə çevirməyə, sonda həmin mənsubiyyətə dayalı siyasi titullar icad etməyə cəhd göstərə bilərdilər. Cefferson insan təbiətində zümrələşməyə təbii meylləri tanıyırdı və onların avropalılar arasında üzləşdiyi zərərli fəsadlarına da kifayət qədər bələd idi. Həmçinin o, avtoritarizmlə avtoritet arasındakı məsafənin yaxın olduğunu anlayırdı. Avtoritet bir adamın və onun törəmələrinin başqaları üzərində hökmranlığa, təəbələrin itaətinə haqq etdiyini şərtləndirən başlıca amildir. Ona görə də Cefferson avtoritetin formalaşmasına xidmət edən təmtəraq və ifrat səliqəni rədd edirdi. O, hesab edirdi ki, müstəbidlərin dəbdəbə sevgisinin arxasında dayanan təkcə zövq yox, həm də hüdudsuz hakimiyyət instinktidir. Demokratiya səliqəsiz olur.

İstiqlaliyyət Bəyannaməsinin əsas müəllifi sayılan Tomas Cefferson üçüncü prezident olaraq ABŞ ərazilərinin ikiqat genişləndirməyə, demokratiyanı siyasi sistem olaraq möhkəmləndirməyə nail oldu.

İstiqlaliyyət Bəyannaməsinin əsas müəllifi sayılan Tomas Cefferson üçüncü prezident olaraq ABŞ ərazilərinin ikiqat genişləndirməyə, demokratiyanı siyasi sistem olaraq möhkəmləndirməyə nail oldu.

İstiqlaliyyət Bəyannaməsinin müəllifi yeni radikal düşüncə tərzinə nəfəs verdi. Aristokratiyanın qad-damar sistemini qidalandıran minlərlə simvol və aşırı iltifat əlamətləri məqsədyönlü şəkildə darmadağın edilirdi. Cefersonun idarə etdiyi Amerikada ilk baxışdan təhlükəsiz, hörmət nişanəsi təsiri bağışlayan aristokratik ədabazlıq məsxərə obyektinə çevrilir və cəmiyyətdən sıxşdırılırdı. Səfir Merrinin arxasında oturdulduğu dəyirmi masa təsadüfi deyildi. Cefferson israr edirdi ki, nahar stolları dəyrimi olsun, onların nə başı, nə də ayağı olsun. Düzbucaqlı stolun başında oturacaq zümrənin ərsəyə çıxmasına belə imkan verilmirdi.

Ceffersonun Amerikaya aşıladığı pell-mell mentalitetinə bariz nümunə olaraq Vulf 1862-ci ildə qəbul edilmiş Homestead Qanununa diqqət çəkir. Hökumət ölkənin bomboş Qərb ştatlarını məskunlaşdırmaq üçün yürütdüyü siyasətdə sadə bir prinsipi rəhbər tutmuşdu – kim 160 akr sahə torpaq istəyirsə, götürsün. “First come, first serve” – yəni, “Birinci gələnə birinci verilir” qaydasına uyğun olaraq milyonlarla mühacir Amerikada bir gecənin içərisində torpaq sahibinə, sahibkara çevrildi.

Tomas Cefferson hesab edirdi ki, müstəbidlərin dəbdəbə sevgisinin arxasında dayanan təkcə zövq yox, həm də hüdudsuz hakimiyyət instinktidir. Demokratiya səliqəsiz olur.

Oklahomada tapançadan start atəşki gözləyən adamlar irəli cumaraq boş torpaq sahələrinə əl qoyurdular. “Avropalıların nəzərində bu lunatizmə bənzəyirdi – amerikalılar bu nəhəng var-dövləti bir ovuc “heç kimə” bağışlayırdılar,” Vulf yazır. “Amma tənqidçilərə çatmırdı ki, ölkənin qərbini məskunlaşdırmağın ən stabil yolu məhz elə bu cür, insanlara öz təssərüfatlarında sahibkarlıq bəxş etməkdir,” Tarixçi Paul Consonun sözlərinə görə “dünya heç vaxt heç yerdə” torpaq belə paylanmayıb.

“Amerika əzəldən dünyanın ən azad, ən açıq ölkəsi olub və olaraq qalır. Burada hər kəs pell-mell istənilən məqsəd uğrunda rəqabət apara, nə qədər ağlasığmaz görünsə də, hər cür innovasiyaya baş vura bilər. Məhz bu ambisiyaya açıq dəvətnamə Amerikanın hərbi, iqtisadi üstünlüyünün özəyində durur və onun elm, tibb texnologiya, və bütün başqa intellektual sahələrdə mütləq dominantlığını əsaslandırır. Və bu dominantlıq mütləqdir,” Vulf yazır.

Birinci Dünya Müharibəsi zamanı pula və insan əməyinə qənaət etmək məqsədilə Prezident Vudro Vilson Ağ Evin qazonuna baxmaq üçün 48 qoyun saxlayırdı. 1918.

Birinci Dünya Müharibəsi zamanı pula və insan əməyinə qənaət etmək məqsədilə Prezident Vudro Vilson Ağ Evin qazonuna baxmaq üçün 48 qoyun saxlayırdı. 1918.

Bu günlər Klintonla Tramp – sabiq birinci xanımla milyarder arasındakı rəqabəti müşahidə edən adamlar müasir Amerikanın pell-mell mentalitetinə nə dərəcə sədaqətli qaldığını sual edə bilərlər. Heç şübhə yoxdur ki, siyasi kontaktlar, bank hesabının həcmi siyasi arenada böyük üstünlüklər bəxş edir. Amma, hətta əgər debatların pərdəsiz, birbaşa tonunu kənara qoysaq belə, onu da nəzərə almaq lazımdır ki, Amerikada Donald Trampdan qat-qat varlı xeyli adam var, və namizədlik uğrunda mübarizədə onun dizini yerə vurduğu 16 Respublikaçı iddialıdan biri Buş ailəsinin yetirməsi Ceb idi. Eləcə də, həmin sabiq birinci ledi cəmi səkkiz il bundan öncə Ağ Ev uğrunda yarışda öz əri Bill Klinton kimi tək ananın orta sinif şəraitində ərsəyə gətirdiyi gənc bir siyasətçiyə məğlub olmuşdu. Həmin gəncin adı Barak Obama idi.

XS
SM
MD
LG