Accessibility links

ABŞ-ın vitse-prezidenti Mayk Pens keçən ay vəzifəsinin icrasına başlayandan sonra Avropaya ilk səfəri zamanı Münhendə və Brüsseldə Birləşmiş Ştatların müttəfiqləri ilə görüşlər keçirəcək.

Ağ Evin xarici siyasət məsələləri üzrə yüksək səviyyəli müşavirlərindən biri bildirib ki, səfər vitse-prezidentin ABŞ prezidenti Donald Trampın adından “müttəfiqləri və tərəfdaşları ABŞ-ın dəstəyinə və translantik münasibətləri prioritet hesab etdiyinə əmin etmək” məqsədi daşıyır.

Avropa liderləri ABŞ prezidentinin dəfələrlə Rusiya prezidenti Vladimir Putindən razı tonda danışması və NATO-nu “köhnəlmiş” adlandırmasından sonra Trampın prezidentliyi ilə bağlı narahatlıq keçirir.

Vitse-prezident Pensin Münhendə Təhlükəsizlik konfransında çıxışı gözlənilir. Onun müşavirinin bildirdiyinə görə, Pens müttəfiqləri ABŞ-ın Avropa tərəfdaşlığına və transatlantik əməkdaşlığa sadiq qaldığına əmin edəcək.

Münhendə Pens Almaniya kansleri Angela Merkel və Şərqi Avropa ölkələrinin bir sıra liderləri ilə görüşəcək. ABŞ vitse-prezidentinin Əfqanıstan prezidenti Əşrəf Qani və İraqın baş naziri Heydər Əl-Əbədi ilə görüşləri planlaşdırılıb.

Brüsseldə Pens Avropa Şurasının prezidenti Donald Task və NATO-nun baş katibi Cens Stoltenberq daxil olmaqla, Avropa liderləri ilə görüşlər keçirəcək.

XS
SM
MD
LG