Accessibility links

ABŞ-ın müdafiə naziri Eş Karter Rusiyanı Suriyada ABŞ-ın dəstəklədiyi müxalif qüvvələri bombaladığına görə sərt tənqid edərək bu addımı "problematik" adlandırıb.

Pentaqonda jurnalistlərə açıqlama verən Karter deyib ki, Rusiyanın hava hücumları nəticəsində hədəf alınan döyüşçülər İŞİD-ə qarşı mübarizə aparırdılar. Onun sözlərinə görə, əgər ruslar bilərəkdən üsyançılara hücum ediblərsə, bu, onların İŞİD-i məğlub etmək vədləri ilə təzad təşkil edir. Müdafiə naziri ikinci ehtimalın isə zəif keyfiyyatli kəşfiyyatçılığa görə, üsyançıların səhvən vurulması olduğunu bildirib.

Nazir habelə deyib ki, Rusiya kommunikasiya xəttindən lazımi səviyyədə istifadə etməyib. Bu xətt Suriyadakı əməliyyatlarda iki ölkə arasındakı əlaqələndirməni tənzim edir.

Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, müəyyən müddət ərzində rus təyyarələri Suriyanın İraq və İordaniya ilə sərhədində yerləşən Əl-Tanf bölgəsində fəal olmayıb. Bu isə Rusiyanın məqsədləri ilə bağlı şübhələr doğurub.

“Biz Rusiyadan bu addımla bağlı açıqlama tələb edəcəyik və bunun bir daha təkrarlanmayacağına dair onlardan vəd almağa çalışacağıq,” deyə rəsmi cümə axşamı bildirib.

Daha əvvəl də ABŞ Rusiyanın Suriyada mövcudluğunu qınayıb və Rusiya qüvvələri ilə birgə işləməkdən imtina edib. ABŞ onları Suriya prezidenti Bəşar Əl-Əsəd hakimiyyətini möhkəmləndirməyə yardım etməkdə günahlandırır.

Bombalama ABŞ dövlət katibi Con Kerri Rusiya və Suriyanı bu ilin əvvəlində üç ölkə arasında əldə olunan atəşkəsə riayət etməyə çağırandan sonra baş verib. Bunun ABŞ və Rusiya arasındakı münasibətlərdə gərginlik yaradacağı gözlənilir.

XS
SM
MD
LG