Accessibility links

Şimon Peres torpağa tapşırıldı


İsrailin sabiq lideri Şimon Peres bu gün torpağa tapşırılıb.

Dəfn mərasiminə qatılan ABŞ prezidenti Barak Obama onu Nelson Mandela və Britaniya kraliçası Yelizaveta ilə müqayisə edərək “XX əsrin nəhəngi” adlandırıb.

Prezident deyib ki, ABŞ-la İsrail inadkar idealistlər və mübariz mühacirlər tərəfərindən yaradılıb. ABŞ dövlət başçısı Peresin Fələstinlə münaqişənin aradan qaldırılması səylərini yüksək qiymətləndirib.

"Terror hücumları, uğursuz müzakirələrə baxmayaraq, Peres fələstinlilərin yəhudilər kimi ləyaqətə sahib və öz müqəddəratlarını həll etməyə haqları olduğunda israr edirdi"- Obama bildirib.

ABŞ prezidenti Barak Obama sabiq prezident Bill Klinton, dövlət katibi Con Kerri, demokrat senator Bob Keysi və Nümayəndələr Palatasının demokrat lideri Nensi Pelosi daxil edilməklə, 32 nəfərlik nümayəndə heyətinə başçılıq edir.

Mərasimə qatılan Fələstin lideri Mahmud Abbas fələstinlilərin sülh istəyi və Şimon Peresin sülh səylərinə ehtiram nümayiş etdirib.

2010-cu ildən İsrailə getməyən Abbas çərşənbə günü İsrailə başsağlığı verən ilk ərəb lideridir.

İordaniya kralı Abdulla İsrailə başsağlığını cümə axşamı bildirib. Digər ərəb ölkələri Peresin vəfatı ilə bağlı bəyanatlar verməyib.

İsrailin sabiq prezidenti və baş naziri Şimon Peres 93 yaşında dünyasını dəyişib.

İki həftə əvvəl beyin qansızması keçirən Peres Tel Haşomer xəstəxanasında vəfat edib.

Onun İsrail siyasətində uzunmüddətli karyerasına iki dəfə baş nazir, prezident, müdafiə və xarici işlər nazirləri vəzifələri daxildir.

Peres Knessetdə yer alan ən uzunmüddətli, 48 illik parlament üzvü olub.

İsrailin baş naziri Benyamin Netanyahu Peresin həyatını İsrail xalqının suverenliyinə həsr etdiyini deyib.

1923-cü ildə Belarusda dünyaya gələn Peres 11 yaşında ikən İsrailə köçüb.

Diplomatiyaya o, 23 yaşında qədəm qoyub.

İsrailin müdafiə naziri vəzifəsinə Şimon Peres 1952-ci ildə 29 yaşında ikən sahib olub. Həmin müddət ərzində yenicə yaradılan İsrail dövlətini müdafiə, fəza sənayesinin inkişafı və müasir silahlarla təmin edib. O, İsrailin heç vaxt təsdiq etmədiyi nüvə proqramı üzərində də çalışıb.

1973-cü ildə Yom Kirup müharibəsi nəticəsində sarsılan ordunu bərpa edərək, o ölkənin müdafiə qabiliyyətini yenidən təsis edib.

Şimon Peres Misirlə sülh razılığı əldə edib, Livan və İordaniya ilə gərginliklərin azaldılmasına nail olub.

Onun ən böyük nailiyyəti Fələstinlə əldə edilən Oslo sazişi hesab edilir. 1994-cü ildə həmin saziş ona və Fələstin prezidenti Yasir Ərəfata Nobel sülh mükafatı qazandırıb.

Peres ikinci dəfə baş nazir vəzifəsinə 1995-ci iildə Rabinin sui-qəsdindən sonra təyin edilib.

Peres 2007-2014-cü illər ərzində İsrailin prezidenti vəzifəsində çalışıb.

Israilin sabiq lideri Peres Sülh Fondu yaratmaqla Fələstin, Misir və İordaniya ilə bərabər iqtisadi, təhsil, və mədəni layihələr həyata keçirib.

XS
SM
MD
LG