Accessibility links

Jurnalist işgəncə və hədələrə məruz qaldığını bildirib


Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb

Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb

Pərviz Həşimlinin məhkəməsi davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyi ilə silah qaçaqmalçılığı və qanunsuz silah ticarətində ittiham olunan jurnalist Pərviz Həşimlinin işi üzrə proses davam etdirilib. İş üzrə ikinci təqsirləndirilən şəxs Təvəkkül Qurbanovdur.

İttiham elan edildikdən sonra müttəhimlər sərbəst ifadə ilə çıxış ediblər. Jurnalistin həyat yoldaşı İlahə Həşimli Amerikanın Səsinə deyib ki, Pərviz Həşimli təqsirsiz olduğunu bildirib və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanma şəraitindən şikayət edib.

Həşimlinin sözlərinə görə, ifadələri “MTN müstəntiqi tərəfindən yazılıb”. O, həmçinin bildirib ki, işgəncələrə və hədələrə məruz qalıb. Belə ki, onu işgəncə alətləri olan kameraya aparıblar. Həmçinin, müstəntiqin yazdıqlarını imzalamasa, zorlanacağı ilə hədələyiblər.

Həşimli bildirib ki, 2013-cü ilin sentyabrına qədər digər təqsirləndirilən şəxs - Qurbanovla tanış deyildi.

2013-cü ilin sentyabrında Qurbanov Həşimliyə zəng edib və ondan İqtisad Universitetində oxuyan oğlunun təkrar imtahan verməsinə kömək etməyi xahiş edib.
Həşimli yazılı şəkildə rəsmi müraciət etməyi təklif edib və bu işin ictimailəşdirilməsinə kömək etmək vədi verib.

Daha sonra Qurbanov ifadə verib, o, Həşimlini 2005-ci ildən tanıdığını iddia edib. Qurbanovun ifadələsi martın 13-də növbəti iclasda davam edəcək.

Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə silah qaçaqmalçılığı və qanunsuz silah ticarəti ittihamı ilə həbs edilib. O, ittihamı siyasi motivli hesab edir. Jurnalistin doğmaları bildiriblər ki, ondan AXCP lideri Əli Kərimliyə qarşı müxtəlif ifşaedici məqalələr dərc etməyi tələb ediblər, amma o, imtina edib və indi buna görə onu cəzalandırırlar.

Öz növbəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzi Pərviz Həşimlinin işgəncə və kobud rəftara məruz qalması ilə bağlı dediklərini təkzib edib. İctimai Əlaqələr Mərkəzi MTN-nin təcridxanasında saxlanan bütün şəxslərə qarşı daxili nizam-intizam qaydalarına uyğun davranıldığını bildirib.
XS
SM
MD
LG