Accessibility links

Pakistan məktəblərindən birində Taliban yaraqlıları tərəfindən çoxu şagird olmaqla 141 nəfərin ölümülə nəticələnmiş mühasirəyə son qoyulub.

Hərbi paltar geymiş və üzərlərində partlayıcılar olan islamçı yaraqlılar Pişəvər şəhərinin şimal-qərbindəki hərbi bazanın daxilində olan məktəbə hücum edib.

Vilayət rəsmilərinin müxbirlərə ölən 132 şagirdin 12-16 yaşlarında olduğu haqda məlumat verib. Məktəbdə çalışan doqquz təhsil işçinin də öldüyü güman edilir.

Ordu sözçüsünün bildirdiyinə görə, təhlükəsizlik qüvvələri azı altı hücumçunu qətlə yetirib. Hücuma görə məsuliyyəti Taliban qüvvələri öz üzərinə götürüb.

Amerikanın Səsinin müxbiri Həmidulla Xanın verdiyi məlumata görə, valideynlər və 100-dən çox yaralanan şagirdə qan vermək üçün məktəblilərin aparıldığı xəstəxanaya toplaşıb.

Londonda hadisə ilə bağlı açıqlama verən ABŞ Dövlət katibi Con Kerri qətl hadisəsini terror aktı adlandırıb.

Pakistanın baş naziri Nəvaz Şərif hücumu qınayaraq, bunun milli faciə olduğunu deyib. Bu gün Pişəvərə gedən cənab Şərif hökumətin bu qəddar hücum qarşısında geri çəkilməyəcəyini deyib və yaraqlılara qarşı hərbi əməliyyatların davam edəcəyinə söz verib.

ABŞ prezidenti Barka Obama məktəbə hücumla bağlı verdiyi açıqlamada "şagirdlər və müəllimləri hədəf alan bu iyrənc hücumun terrorçuların əxlaqsız mahiyyətini bir daha nümayiş etdirdiyini" deyib.

XS
SM
MD
LG