Accessibility links

Pənah Hüseyn: Təbii ki, kölgə parlamenti varsa, kölgə kabineti də onun məntiqi davamı olacaq


Pənah Hüseyn: Təbii ki, kölgə parlamenti varsa, kölgə kabineti də onun məntiqi davamı olacaq

Pənah Hüseyn: Təbii ki, kölgə parlamenti varsa, kölgə kabineti də onun məntiqi davamı olacaq

Cənab Hüseyn İctimai Patatanın məqsəd və vəzifələrindən danışıb. Onun fikrincə, İctimai Palata həm də vətəndaş hərəkatıdır.

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn “Amerikanın səsi” radiosuna müsahibəsində İctimai Patatanın məqsəd və vəzifələrindən danışıb. Onun fikrincə, alternativ parlamentlə yanaşı alternativ kabinet də yaradılmalıdır.

Sual: Ötən il dekabrın sonunda keçmiş deputatlığa namizədlərin iştirakı ilə İctimai Palata yaradılıb. İctimai Palatanın əsas iş rejimi necə olacaq, məzmunu nədir?

Cavab: Bunlar təsis bəyannaməsində əksini tapıb. Keçmiş deputatlığa namizədlər təsisçi olmasına baxmayaraq, bu bir vətəndaş hərəkatıdır. Palatada keçmiş depuatalığa namizədlər, siyasi partiya rəhbərləri və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Bununla yanaşı, üzvlük fərdidir, təşkilat təmsilçiliyi yoxdur.

Palatanın fəaliyyətinə gəlincə, son seçkilər də göstərdi ki, Azərbaycanda siyasi rəqabət mühiti aradan qaldırılıb. Faktiki olaraq siyasi fəaliyyət üçün, o cümlədən, seçkilər yolu ilə vətəndaşların iradəsini ifadə etməsi üçün minimum şərtlər də yox edilib. Belə olan halda, bu vətəndaş hərəkatının əsas məqsədi vətəndaşların hakimiyyətin idarə olunmasında iştirakının təmin olunmasına, seçki islahatlarına, azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Bununla yanaşı, Palata həm də kölgə parlamenti şəklində fəaliyyət göstərməsi nəzərdə tutulan bir qurumdur. Yəni, qanun layihələri hazırlanacaq, təqdim olunacaq doktrina və konsepsiyaların müzakirəsi təşkil ediləcək, ölkənin aktual ictimai-siyasi problemləri, xarici və daxili siyasəti ilə bağlı dinləmələr keçiriləcək, ayrı-ayrı dövlət və hökumət orqanlarına sorğular hazırlanıb göndəriləcək, maarifçilik işləri aparılacaq. Biz, məhz bu yolla, məhv edilmiş plüralist siyasi mühitin bərpasını nəzərdə tuturuq.

Eyni zamanda, bu kütləvi vətəndaş hərəkatı olacaq. Bu səbəbdən də təsisçilər bir sıra kütləvi siyasi, ictimai aksiyaların keçirilməsini, demokratiya, insan haqları sahəsində kütləvi tədbirlər keçirilməsini nəzərdə tutur.

Bu, həm də prinsip etibarı ilə ictimai-siyasi fəallığın bir forması, mexanizmidir. Eyni zamanda, Azərbaycanın demokratik qüvvələrinin, o cümlədən, siyasi müxalifətin birləşməsi üçün bir mexanizm olacaq.

Sual: Strateji hədəflər necə olacaq?

Cavab: Strateji hədərlər əsasən Azərbaycan cəmiyyətinə yönəlib. Cəmiyyət isə həm iqtidar, həm müxalifət, həm də bitərəflərdən ibarətdir.

Eyni zamanda, Palata lazım bildiyimiz bütün məsələlərin müzakirəsini təşkil edəcək. Məsələn, Qarabağ problemi, xarici siyasətin ayrı-ayrı konseptual istiqamətləri ilə bağlı müzakirələrin keçirilməsi və altetrnativ layihələrlə çıxış edilməsi nəzərdə tutulur.

Sual: İctimai Palata sanki alternativ parlamentdir. Eyni məsələ ilə bağlı, hökumətin də, parlamentin də, İctimai Palatanın da qərarları olacaq. İctimai Palatanın qərarlarının icra mexanizmləri necə olacaq?

Cavab: Bəyannamədə xüsusi olaraq qeyd olunub ki, hakimiyyətin hansısa qolunun səlahiyyətlərinin mənimsənilməsindən söhbət getmir. Bu fəaliyyət belə başa düşülə və şəhr oluna bilməz. Amma, şübhəsiz ki, İctimai Palatanın rəyi ictimai rəyə təsir göstərəcək və ictimai rəyin yönəldilməsi ilə konkret problemlərə də təsir göstərəcək.

Sual: Rəsmi hakimiyyət İctimai Palatanı birmənalı qarşılamır. Təbii ki, təzyiq və təsirlərlə də qarşılaşacaqsınız. Bu halda hansı üsullarla mübarizə aparacaqsınız ?

Cavab: Bizim belə şəraitdə mübarizə aparmaq təcrübəmiz var. İstər totalitar Sovet dönəmində Xalq Cəbhəsi kimi, istərsə də indiki rejim vaxtında mübarizə aparmışıq.

Hesab edirəm ki, qanunda nəzərdə tutulmuş vasitələrlə dinc mübarizə aparılması mümkün olacaq. İqtidar səhvlərə yol verib, repressiv addımlara əl atarsa, bu onun özünün məqsədlərinə qarşı yönələ bilər.

İctimai Palata az bir vaxtda böyük ictimai marağa səbəb olub. Repressiv addımlar ictimai marağı daha da artıra bilər. Bir daha təkrar edirəm, biz provokativ addımalara getməyəcəyik. Sırf qanunlar çərçivəsində fəaliyyət göstərməyə çalışacağıq. Bizim əsas silahımız ictimai rəyi formalaşdırmaqla proseslərə təsir göstərmək olacaq. Eyni zamanda, alternativ parlament və alternativ kabinetin yaradılması ideyası da səslənib. Bunun geniş müzakirəsi aparılmayıb.

Sual: Kölgə hökuməti də yaradacaqsınız?

Cavab: Kölgə hökuməti deyəndə, bir qədər başqa cür başa düşülür. Biz kabinet anlayışını daha əlverişli hesab edirik. Baxmayaraq ki, bu barədə yalnız fikirlər səslənib. Təbii ki, kölgə parlamenti varsa, kölgə kabineti də onun məntiqi davamı olacaq.

XS
SM
MD
LG