Accessibility links

Pol Murad: Yeni administrasiyanın real dəyişiklik gətirə biləcəyinə ümid və nikbinliklə baxıram


Nevada ştatında yaşayan azərbaycanlı iş adamı Pol Murad paytaxt Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiyası mərasimində iştirak edib. Pol Murad Amerikanın Səsinin "Amerika icmalı" proqramında inaqurasiya haqda təəssüratları və ABŞ-ın yeni administrasiyasından gözləntilərindən danışıb.

Amerikanın Səsi: Siz Vaşinqtona prezidentin inaqurasiya məraimində iştirak etmək üçün gəlmisiniz. Təəssüratlarnız barədə nə söyləyə bilərsiniz?

Pol Murad: İlk dəfə inaqurasiyada iştirak etmək çox gözəldir. Mən əvvəllər də Vaşinqtonda olmuşam. Çox gözəl şəhərdir. Gözəl tarixə malikdir, gözəl arxiterkturası var. Amma bu dəfə xüsusi münasibətə görə buradayam. İnaqurasiya zamanı burada olub hakimiyyətin dinc və belə nizamlı şəkildə keçidini müşahidə etmək çox nadir bir fürsətdir.

Amerikanın Səsi: Siz iş adamısınız. Lakin sizi keçmiş siyasətçi də adlandırmaq olar. Siz seçkili orqana seçkilərdə iştirak etmisiniz, Nevada ştatında vitse-qubernator postuna namizəd olmusunuz. Biznesmen və siyasətçi kimi yeni administrasiyadan gözləntiləriniz nədir?

Pol Murad: Özüm haqda siyasətçi tituluna həmişə düzəliş edərək, siyasi vəzifəyə seçilmək istəyən iş adamı adlandırmağa üstünlük verirəm. Burada böyük fərq var. Siyasətçilər ömür boyu buna bir karyera kimi baxan insanlardır. Bu məqamda onlar üçün insanlara xidmət göstərmək siyasi karyerada və siyasətdə nail olmaq istədikləri məqsədə çatmaqla müqayisədə ikinci dərəcəli əhəmiyyətə malik olur. Mənim üçün bir il neçə il bundan əvvəl Nevadada vitse-qubernator seçkilərinə qoşulanda məsələ bundan fərqli idi. Bu, mnim üçün böyük təcrübə idi. Mən qələbə əldə etməyə yaxın idim, amma rəqibim ofisə seçilmək üçün beşinci dəfə kampaniya aparırdı, çətin rəqabət gedirdi və sona qədər nəticənin necə olacağını heç kim bilmirdi. Müəyyən müddət siyasi arenada xidmət göstərib yenidən biznesə qayıdan bir iş adamı kimi mən yeni prezidentə bütün ömrü boyu bizneslə məşğul olan bir adam kimi baxıram. O, prezident olana qədər bir siyasi işdən o birinə keçməyib. Bu, son dövrlər prezidenlərin çoxu üçün adi bir işdir. Mən buna görə nikbinəm. Bu, fikrimcə, Amerika yaradılan zaman olduğu kimi olmalıdır. Əgər Corc Vaşinqton, Tomas Cefferson və başqalarına baxsaq, onlar xalqa xidmət edib, sonra öz bizneslərinə qayıdıblar, öz işləri ilə məşğul olmağa davam ediblər. Məni ən çox həyəcanladıran budur, ən çox həyəcanlandıran şey bu idi. Buna görə də bir mühacir, qeydiyyatdan keçmiş demokrat kimi mənim üçün bu son seçkidə Donald Trampdan başqa seçim yox idi.

Amerikanın Səsi: Mühacirət mövzusu 2016-cı ildə ABŞ prezident seçkilərində ən qızğın mübahisələrə səbəb olan mövzulardan biri idi. Siz özünüz də mühacirsiniz. Sizinlə əvvəlki söhbətlərimizdə Amerika arzusuna çatmaq üçün nə qədər gərgin işləməli olduğunuzu vurğulamısınız. Siz həm də gənc mühacirlərdən ibarət əhalisi olan Nevada ştatını təmsil edirsiniz. Mühacirət siyasəti ilə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.

Pol Murad: Bəli, Nevadada çox sayda mühacir var. Nevada Donald Trampa səs verməmişdi, onun opponentinə səs vermişdi. Bir mühacir kimi mənim üçün bu, maraqlı mövzu idi, mən onu izləyirdim. Mən Amerikaya 16 yaşım olanda tək, valideynlərim olmadan gəlmişdim. Buraya təhsil almaq üçün gəlmişdim. Tələbə vizası almışdım. Bununla orta məktəb və kolleci bitirdim. Sonra iş vizası aldım. Bundan sonra isə “green card” (Amerikada daimi yaşayış üçün verilən icazə) aldım və nəhayət Amerika vətəndaşı oldum. Bunun üçün 14 il tələb olundu. Mənə elə gəlir ki, sadəcə sərhədi keçib buraya gələn insanlar üçün bu proses mənim kimi, ya da Yaxın Şərq, Asiya və Avropadan gəlib bu formal, çətin, amma mümkün prosesi bitirən insanlardan daha asan olmamalıdır. Mən seçki zamanı mühacirətlə bağlı qeyd edilən əksər məsələlərə dəstək bildirirdim. Mənim fikrimcə, bu, qanuni yolla edilməlidir. İslahatlar çox yaxşı olardı. Mən ABŞ vətəndaşı olmaq üçün bunun 14 il çəkməməsini istərdim. Amma ailə üzvləri ilə əlaqədar, ya da başqa yolla buna daha az müddətdə nail olanlar var. Mən əhatəli mühacirət islahatlarının tərəfdarıyam. Mühacirət islahatı aparılması məntiqə uyğundur. Amma bu ölkənin sərhədləri möhkəm olmalıdır. Keşmiş Sovet İttfaqından gələn insanlar bunu bilir ki, güclü mühafizə olunan sərhəd nə deməkdir. Güclü sərhəd yaratmaq mümkündür. Bunu 1960-cı və 70-ci illərdə Sovet İttifaqında edə bilirdilər. Daxilə, ya da xaricə çıxmaq olduqca çətin idi. Amerika daha güclü texnologiya və qüdrəti ilə ölkəni qorumaq üçün eyni işi daha asan və daha yaxşı şəkildə edə bilər. Xüsusilə də dünyanın hər yerində terror hücumlarının baş verdiyi bu qeyri-müəyyən bir vaxtda.

Amerikanın Səsi: Biznesdə və başqa sahələrdə gələcək planlarınız nədən ibarətdir?

Pol Murad: Seçkilərdə iştirakdan və məğlubiyyətdən sonra mən Nevada ştatının qubernatoru tərəfindən ştatın daşınmaz əmlak komissiyasının rəhbəri təyin olundum. Daşınmaz əmlak mənim biznes sahəmdir. Fərqli siyasi partiyadan olan ştatın qubernatoru tərəfindən bu təyinat mənim üçün böyük şərəf idi. Bu, mənim bu sahədə gördüyüm işlər və əldə etdiyim nailiyyətlərlə əlaqədar idi. Mən üç il komissiyada işlədim. Bununla yanaşı mən daşınmaz əmlak sahəsində biznesimi də davam etdirirdim və komissiyada fəaliyyətim bitəndən sonra öz işimə qayıtdım. Mən Las Veqas şəhərinin mərkəzində inşaat layihələri ilə məşğul oluram. Köhnə binaları söküb yeni binalar inşa edərək, şəhərin görünüşünün yeniləşdirilməsinə çalışıram. Mən bu işi çox sevirəm. Bu işi illərdir görürəm. Gələcəkdə mən ştatım və ölkəmə xidmət etmək planlarını nəzərdən keçirəcəm. Bunun üçün münasib zaman və məkan olanda bunu etməyi düşünürəm. Bütün həyatım boyu karyerada növbəti addım atılması deyil, qabiliyyətimdən düzgün yerdə istifadə edilməsini istəyirəm. Buna görə mən bu yeni administrasiyanın hakimiyyətə gəlişini alqışlayıram. Çünki burada çox adam karyerası boyu siyasətçi olmayıb. Bu, dəyişiklik üçün yeganə real şansdır. Mən buna görə çox nikbinəm.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG