Accessibility links

Prezident Əliyev: ... antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar


Prezident İlham Əliyev Polis Günü müasibəti ilə keçirilən tədbirdə iştirak edib

Prezident İlham Əliyev Polis Günü müasibəti ilə keçirilən tədbirdə iştirak edib

Prezident Polis Günü münasibəti ilə çıxışında heç bir qüvvənin Azərbaycana təsir edə bilməyəcəyini deyib. O, sərt bəyanatlar verib.

2 iyul Polis Günündə dövlət başçısı İlham Əliyev Polis Akademiyasında olub. Prezident Daxili İşlər Nazirliyinin əməkdaşları qarşısında çıxış edib.

O bildirib ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam var. Prezidentin sözlərinə görə, bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar.

“Azərbaycanda bugünkü vəziyyətin, bu sabitliyin, inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir.

Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik.

Mənə nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq əksəriyyəti o qədər də ağır cinayətlər deyil. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox cüzi bir rəqəmdir.

2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı.

O vaxt - 2005-ci ildə vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənib. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaq.

Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaq”.

Dövlət başçısı İlham Əliyev hesab edir ki, xalqın mütləq əksəriyyəti onun siyasətini fəal dəstəkləyir.

“Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri var. Buna oxşar digər cəhdlər bu gün də var, gələcəkdə də olacaq. Əsas odur ki, Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və aparacaqdır. Bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır və eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır.

Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik var. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.

Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik.
Polis orqanlarının da bu işdə çox böyük rolu var. Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcəklər”, dövlət başçısı qeyd edib.

Show comments

XS
SM
MD
LG