Accessibility links

O biznes öhdəliyini yerinə yetirməməkdə şübhəli bilinir

Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov Birləşmiş Ərəb Əmirlikləri polisi tərəfindən həbs edib. Bu barədə Amerikanın Səsinə Dubaydakı biznes dairələrindən bəlli olub.

Məlumatlı mənbənin sözlərinə görə, Sultanov Dubayda biznes sövdələşmələri zamanı 7 milyon dollar öhdəliyini yerinə yetirməyib. Hazırda polis Cavadağa Sultanovla əlaqəli olan digər şəxsləri axtarır.

Azərbaycanın Dubaydakı konsulluğu Cavadağa Sultanovun həbsini təkzib etməyib. Konsulluğun əməkdaşı həbsin detalları ilə bağlı məlumat verməsə də bununla bağlı bütün məlumatların Xarici İşlər Nazirliyinə göndərildiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Cavadağa Sultanovun Ərəb Əmirliklərində saxlandığını təsdiq edib.

“Cavadağa Sultanov noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. Hazırda istintaq aparılır. Azərbaycan vətəndaşının saxlanması ilə bağlı tərəfimizdən araşdırma aparılır və Dubaydakı konsulluğumuz məsələni nəzarətdə saxlayır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər

Polis polkovniki Cavadağa Sultanov çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib, məhkəmədəki ifadələri qalmaqalla müşahidə edilib.

Cavadağa Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.
XS
SM
MD
LG