Accessibility links

Politoloqlar İranı azərbaycanlıların fundamental hüquqlarını pozmaqda günahlandırır


Politoloqlar İranı azərbaycanlıların fundamental hüquqlarını pozmaqda günahlandırır
Politoloqlar İranı azərbaycanlıların fundamental hüquqlarını pozmaqda günahlandırır

İran rəsmilərinin bu cür bəyanatları ikitərəfli münasibətlərə ciddi mənfi təsir göstərəcək. Yaxşı olar ki, İranda yaşayan müsəlmanlar rəsmi Tehranın bu əməllərinə reaksiya versinlər. Rəsmi Bakı İranın Fələstində, Livanda, İraqdakı təsirlərinin Azərbaycanda olmasına ehtiyac duymur. Bu isə İranda qıcıq yaradır.

“Hesab edirəm ki, İran ordusunun Baş Qərargah rəisinin hədələyici bəyanatı Azərbaycan-İran münasibətlərində olan gərginliyə işarədir. Çox yüksək ehtimalla bu bəyanat prezident Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal təşəbbüsünün və bu təşəbbüsün qərb tərəfindən dəstəklənməsinə reaksiyadır”, - Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna bildirib.

Onun fikrincə, İran özünü regional güc kimi nümayiş etdirmək istəyir: “Lakin, çox yəqin ki, rəsmi Bakı İranın Fələstində, Livanda, İraqdakı təsirlərinin Azərbaycanda olmasına ehtiyac duymur. Bu isə İranda qıcıq yaradır. İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək yolu ilə regionda maraqlarını təmin etmək istəyir. Görünən budur ki, nə rəsmi Bakı, nə qərb, nə Rusiya, nə də Yerevan belə bir vasitəçiliyə xüsusi maraq göstərmir”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, İran rəsmilərinin bu cür bəyanatları ikitərəfli münasibətlərə ciddi mənfi təsir göstərəcək. “Azərbaycanda kimlərinsə aqibətindən danışan insanlar, yaxşı olar ki, öz aqibətlərini düşünsünlər. Onların apardığı siyasət nəticəsində İran dünyadan təcrid olunub”, - o qeyd edib.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə İran rəsmisinin din faktorundan siyasi məqsədlərlə istifadə etməsinin yolverilməz olduğunu bildirib: “Onun azərbaycanlıların damarlarında İran qanı var deməsi düz deyil. Əksinə, İranda on milyonlarla azərbaycanlı var və deyəsən onun damarında türk qanı axır və bu səbəbdən də hirslidir. İran dövləti özünün milyonlarla müsəlman azərbaycanlı vətəndaşının bütün fundamental hüquqlarını pozanda, bir milyon müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanla hərbi əməkdaşlıq edəndə, xristian Ohanyanı silah-sursatla təmin edəndə islam yadına düşmür. Yaxşı olar ki, İranda yaşayan müsəlmanlar rəsmi Tehranın bu əməllərinə reaksiya versinlər”, - deyə o qeyd edib.

XS
SM
MD
LG