Accessibility links

Polşa XİN: Azərbaycanda əsassız ittihamlar və həbslərin arxasında siyasi motivlər durur


Polşa bayrağı

Polşa bayrağı

Azərbaycan Xarici İşlər Nazirliyi Polşa XİN-in bəyanatını qəbul etmir

Polşa Xarici İşlər Nazirliyi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının siyasi motivli həbslərindən narahatdır.

Polşa XİN-nin bəyanatında deyilir ki, hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyev, vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunuslar, Həsən Hüseynli, Rəsul Cəfərov, jurnalist Rauf Mirqədirov, eləcə də çoxsaylı müxalifət partiyalarının fəalları və onların ailə üzvlərinə qarşı sanksiyalar narahatlıq doğurur. Bu əsassız ittihamlar və həbslərin arxasında siyasi motivlər durur.

Bununla bağlı Polşa Xarici İşlər Nazirliyi Azərbaycan hökumətini sivil cəmiyyət üzvlərinə, siyasi simalara və onların ailə üzvlərinə qarşı repressiyaları dayandırmağa çağırır, bu addımların stabilliyə təhlükə olduğunu xatırladır və Azərbaycan hökumətini Avropa Şurası , ATƏT və BMT qarşısında götürdüyü öhdəliklərinə hörmətlə yanaşmağa çağırır.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Polşa XİN-in bəyanatını qəbul etmir. “Bu bəyanat daha çox qeyri-hökumət təşkilatının bəyanatına bəzəyir. Polşa tərəfi bundan sonra Azərbaycanla bağlı bəyanatlarda maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır. Hesab edirik ki, bəyanat yalnız Polşa XİN-in mövqeyini əks etdirir”. Deyə Azərbaycan XİN-nin cavabında deyilir.

“Azərbaycan tərəfinin dəfələrlə vurğuladığı kimi Azərbaycanda vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur. Polşa tərəfinin bəyanatında guya hüquq müdafiəçilərinə əsassız ittihamların irəli sürülməsi ilə bağlı iddia tamamilə əsassızdır. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Bəyanatda adları çəkilmiş şəxslər konkret cinayət əməllərində təqsirləndirilmişlər və onların mühakiməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq təmin olunacaqdır. Azərbaycanda məhkəmə sistemi tamamilə müstəqildir və hər hansı bir kənar müdaxilə siyasi təzyiq cəhdi kimi qiymətləndirilir və Azərbaycan tərəfindən rədd edilir”, Azərbaycan XİN bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır. “Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir və onların inkişafına xələl yetirir”, nazirlik bəyan edir.

XS
SM
MD
LG