Accessibility links

Poroşenko referenduma hazır olduğunu, lakin ukraynalıların çoxunun unitar dövlətə dəstək verdiyini deyir


Ukrayna prezidenti Petro Poroşenko regionlara daha geniş siyasi səlahiyyətlərin verilib-verilməməsi üçün referenduma hazır olduğunu deyib, lakin ukraynalıların çoxunun unitar dövlətin saxlanmasına səs verəcəyinə əmin olduğunu əlavə edib.

Cənab Poroşenko Ukrayna konstitusiyasına dəyişikliklər üzərində işləyən parlament komissiyasının üzvlərinə deyib ki, ölkənin dövlət strukturu ilə bağlı referendum yalnız komissiya bunun zəruri olduğunu hesab etdiyi təqdirdə keçirilə bilər.

Bununla belə, prezident Poroşenko bildirib ki, sorğulara əsasən, Ukrayna əhalisinin 90 faizi unitar modelə dəstək verir.

Rusiya tərəfdarı separatçılar keçən ilin may ayında Ukraynanın şərqində Donetsk və Luqans bölgələrində “xalq respublikaları” elan etdikdən sonra ölkənin bu regionlarında referendum keçirib. Rəsmi Kiyev səsvermənin nəticələrini tanımayıb.

Prezident Poroşenko eyni zamanda bildirib ki, ölkənin yeganə rəsmi dili Ukrayna dili olmalıdır və əhalinin üçdə iki hissəsi bunu dəstəkləyir.

Rusiyanın İnterfaks agentliyinin verdiyi məlumata görə, Donetsk Xalq Respublikasının rəsmisi Andrey Purqinin cənab Poroşenkonun Ukraynanın unitar dövlət kimi saxlanılması və Ukrayna dilinin rəsmi dövlət olduğuna dair bəyanatlarını tamamilə qəbuledilməz adlandıraraq, bunun bu ilin əvvəli Kiyev və separatçılar arasında əldə edilmiş atəşkəsə dair razılıqla ziddiyyət təşkil etdiyini deyib.

XS
SM
MD
LG