Accessibility links

Prezident Donald J. Trampın andiçmə mərasimində çıxışı


ABŞ prezidenti Donald Tramp and içir
ABŞ prezidenti Donald Tramp and içir

ABŞ prezidenti Donald J. Trampın andiçmə mərasimindəki çıxışını Azərbaycan dilində təqdim edirik. Çıxışın mətnini ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Ali Məhkəmənin sədri Roberts, prezident Karter, prezident Klinton, prezident Buş, prezident Obama, Amerikalılar və dünya xalqları, təşəkkür edirəm.

Biz - Amerika vətəndaşları ölkəmizi yenidən qurmaq və xalqımıza verilən vədləri bərpa etmək üçün indi böyük milli mübarizəyə qoşulmuşuq.

Biz qarşıdan gələn illərdə Amerikanın və dünyanın gedəcəyi yolu birlikdə müəyyən edəcəyik. Bu yolda bizim qarşımıza çətinliklər çıxacaqdır. Biz bu çətinliklərin öhdəsindən gələcəyik. Biz qarşımıza qoyduğumuz məqsədimizə çatacağıq.

Hər dörd ildən bir, biz hakimiyyətin nizamlı və dinc şəkildə ötürülməsini həyata keçirmək üçün bu pillələrdə toplaşırıq və biz, prezident Obama və birinci xanım Mişel Obamaya bu keçid dövründə göstərdikləri iltifata görə minnətdarlığımızı bildiririk. Bütün bu müddət ərzində onlar son dərəcə gözəl münasibət göstərdilər.

Bütün bunlarla bərabər bu günkü mərasimin çox müstəsna bir anlamı vardır. Bu gün biz sadəcə olaraq hakimiyyəti bir administrasiyadan digərinə və yaxud bir partiyadan digərinə ötürmürük - əksinə biz Vaşinqton D.C.-dəki bu hakimiyyəti ötürür və onu yenidən sizə - Amerika Xalqına geri qaytarırıq.

Uzun müddət bizim dövlətimizin paytaxtındakı kiçik bir qrup hökumətdən bəhrələnmiş və bunun ağırlığı isə xalqın üzərinə düşmüşdür. Vaşinqton çiçəklənmişdir - lakin onun sərvətindən xalqa pay düşməmişdir. Siyasətçilər firavanlıq içərisində yaşamışlar - lakin iş yerləri azalmış və fabriklər bağlanmışdır. Hökumətin idarəetmə sistemi ölkəmizin vətəndaşlarını deyil, özlərini müdafiə etmişdir.

Onların qələbəsi sizin qələbəniz olmamışdır, onların zəfəri sizin zəfəriniz olmamışdır və onlar dövlətimizin paytaxtında bayram etdikləri bir vaxtda ölkəmizin müxtəlif yerlərində mübarizə aparan ailələrin sevinmək imkanları çox az olmuşdur.

Bütün bunlar dəyişir - buradan və indidən başlayaraq, çünki bu an sizindir, sizə məxsusdur.

Bu, bu gün burada toplaşan və Amerikanın müxtəlif yerlərindən bizi izləyən hər bir kəsə məxsusdur. Bu, sizin gününüzdür. Bu, sizin bayramınızdır. Amerika Birləşmiş Ştatları sizin ölkənizdir.

Bizim hökumətə hansı partiyanın nəzarət etməsi əsas deyil, əsas olan bizim hökumətə xalqın nəzarət etməsidir.

2017-ci ilin 20 yanvar tarixi xalqın yenidən bu dövlətin idarəçisinə çevrildiyi gün kimi yadda qalacaqdır. Ölkəmizin unudulmuş insanları bir daha unudulmayacaq. İndi hər kəs sizi dinləyəcəkdir.

Siz bu tarixi hərəkatın bir hissəsi olmaq üçün əvvəllər dünyada misli görünməmiş bir formada on milyonlarla qrup şəklində gəldiniz. Bu hərəkatın mərkəzində əhəmiyyətli bir əqidə vardır - dövlət öz vətəndaşlarına xidmət etmək üçün mövcuddur.

Amerikalılar öz övladları üçün yaxşı məktəblərin olmasını, ailələrinin təhlükəsiz qonşuluq şəraitində yaşamasını və özlərinin yaxşı işdə çalışmalarını istəyirlər. Bu, dürüst ictimaiyyətin ədalətli və məqsədəuyğun tələbləridir.

Bütün bunlara baxmayaraq bizim bir çox vətəndaşımız üçün fərqli bir reallıq mövcuddur: ölkəmizin böyük şəhərlərindəki yoxsul məhəllələrdə analar və uşaqlar kasıbçılığın məngənəsindədir, istifadəsiz qalmış fabriklər ölkəmizin müxtəlif yerlərində sanki məzar daşları kimi səpələnmişlər, təhsil sistemi, bura çoxlu pullar xərclənir, lakin bizim gənc və gözəl şagirdlərimiz təhsildən məhrum olurlar, cinayətkarlıq, oğru dəstələri və narkotiklər bir çoxlarının həyatını almış və ölkəmizin bir çox reallaşmamış potensialını əlindən almışdır.

Amerikalıların qanının tökülməsi burada və bu andan etibarən dayanır. Biz bir dövlətik - və onların dərdi bizim dərdimizdir. Onların arzuları bizim arzumuzdur və onların uğurları bizim uğurumuz olacaqdır. Bizim bir ürəyimiz, bir vətənimiz və bir parlaq taleyimiz vardır.

Bu gün mənim içdiyim prezidentlik andı bütün amerikalılara olan sadiqlik andıdır. Bir neçə onilliklər ərzində biz, Amerika sənayesinin hesabına xarici ölkələrin sənayelərini zənginləşdirmişik. Digər ölkələrin ordusuna subsidiyalar ayırdığımız bir vaxtda öz ordumuzun pis bir şəkildə imkanlarının azalmasına imkan vermişik. Biz digər dövlətlərin sərhədlərini müdafiə etmişik, əvəzində isə öz sərhədlərimizi müdafiə etməkdən imtina etmişik. Amerikanın infrastrukturu pisləşdiyi və dağıldığı bir vaxtda biz xarici ölkələrdə trilyonlarla dollar vəsait xərcləmişik.

Bizim digər ölkələri varlandırdığımız bir vaxtda öz ölkəmizin sərvəti, gücü və etibarı yox olmuşdur. Bir-birinin ardınca fabriklər bağlanmış və ölkəmizi tərk etmişlər, buradakı iş yerlərini itirmiş milyonlarla amerikalı barəsində isə düşünən olmamışdır. Bizim orta təbəqənin sərvəti əlindən alınmış, sonradan isə bu sərvət dünyanın müxtəlif yerlərinə paylanmışdır. Bütün bunlar keçmişdə qaldı. İndi biz yalnız gələcəyə doğru baxırıq.

Bu gün biz burada toplanmışıq və qəbul edəcəyimiz yeni qərarlar hər bir şəhərdə, hər bir xarici ölkənin paytaxtında və hakimiyyətin hər bir dairəsində eşidiləcəkdir. Bu gündən etibarən bizim ölkəmizi yeni baxışlar idarə edəcəkdir. Bu andan etibarən Birinci Amerika anlayışı öndə olacaqdır.

Ticarət, vergilər, miqrasiya, xarici məsələlərlə bağlı qəbul ediləcək hər bir qərar amerikalı işçilərin və amerikalı ailələrin faydalanması naminə ediləcəkdir.

Biz, digər ölkələrin bizim məhsullarımızı hazırlayan, şirkətlərimizi oğurlayan və iş yerlərimizi yox edən dağıdıcı təsirlərindən öz sərhədlərimizi qorumalıyıq. Müdafiə böyük çiçəklənmə və güclənməyə doğru aparacaqdır.

Beləliklə, yaxın və uzaq, kiçik və böyük şəhərlərdə, dağlarda, okeanın sahillərində yaşayan bütün amerikalılara üzümü tutaraq demək istəyirəm:

Siz bir daha diqqətdən kənarda qalmayacaqsınız.

Sizin səsiniz, sizin ümidləriniz və sizin arzularınız bizim Amerikanın taleyini müəyyən edəcəkdir.

Sizin cəsarətiniz, xeyirxahlığınız və sevginiz bu yolda hər zaman bizim bələdçimiz olacaqdır.

Biz birlikdə Amerikanı yenidən gücləndirəcəyik.

Biz birlikdə Amerikanı yenidən zəngin edəcəyik.

Biz birlikdə Amerikanı yenidən məğrur edəcəyik.

Biz birlikdə Amerikanı yenidən təhlükəsiz edəcəyik.

Bəli, biz birlikdə Amerikanı yenidən qüdrətli edəcəyik.

Təşəkkür edirəm, Tanrı sizi qorusun və Tanrı Amerikanı qorusun.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG