Accessibility links

Madlen Olbrayt müstəsna xidmətlərinə görə Azadlıq medalı ilə təltif edilib


Xanım Olbrayt 1997-2001-ci illər arasında Birləşmiş Ştatların ilk qadın Dövlət katibi olub

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarda və dünyanın digər ölkələrində cəmyyətin inkişafına verdiyi töhfələrə görə bir qrup görkəmli siyasi və ictimai xadimə ölkənin ən yüksək mükafatı olan “Azadlıq Medalı”nı təqdim etmişdir.


Prezidentin Azadlıq medalı ilə təltif olunan 13 nəfər arasında 20-ci əsrin ən nüfuzlu musiqiçilərindən biri Bob Dilan, ilk dəfə Aya uçan Amerika kosmonaftı Con Qlen, çiçək xəstəliyinin aradan qaldırılması kampaniyasının önündə gedən həkim-epidemioloq Uilyam Foq, insan hüquqları və qadın haqları uğrunda mübariz Dolores Huerta və başqaları ilə yanaşı ABŞ-ın ilk qadın Dövlət katibi Madlen Olbrayt da olub.


Ağ Evdə keçirilən mərasimdə xanım Olbrayta medalı təqdim edən prezident Obama onun ABŞ xarici siyasətinin ən mühüm sahələrində nümayiş etdirdiyi yüksək diplomatik keyfiyyətləri qeyd edib. “Dövlət katibi Olbrayt yüksək diplomatik keyfiyyətləri və demokratiya ideyalarına sadiqliyi sayəsində Yaxın Şərqdə sülh prosesinin inkişafına, nüvə silahlarına nəzarət, Balkanlarda ədalətin bərqərar olması və bütün dünyada insan hüquqlarının müdafiəsinə nail ola bilmişdir”-deyə ABŞ prezidenti söyləyib.


Madlen Olbrayt 1993-1997-ci illərdə ABŞ-ın BMT-dəki səfiri, 1997-2001-ci illər arasında isə Birləşmiş Ştatların ilk qadın Dövlət katibi olub. Amerikanın baş diplomatı kimi o, ABŞ-ın keçmiş prezidenti Bil Klintonun ikinci dönəm hakimiyyəti zamanı fəaliyyət göstərib.


1937-ci ildə mayın 15-də Çexiyada anadan olan doktor Olbrayt nasistlərin işğalı zamanı valideynləri ilə ölkəni tərk edib. 1948-ci ildə əsl adı Mari Yana Korbelova olan Olbrayt ailəsi ilə Amerika Birləşmiş Ştatlarında siyasi sığınacaq alıb. ABŞ-ə gələndə onun 11 yaşı var idi.


1957-ci ildə Madlen Olbrayt Massaçusets ştatında qadınlar üçün özəl Vellesli kollecində təhsil aldığı zaman Amerika vətəndaşı olmuşdur.

Xanım Olbrayt bir neçə kitab müəllifidir. Onun Çexiyada uşaqlıq illərinə həsr etdiyi “Prague Winter: A Personal Story of Rememberance and War, 1937-1948” adlı kitabı bu yaxınlarda işıq üzü görmüşdür. Kitabda Madlen Olbrayt valideynlərinin yazışmaları, yeni üzə çıxarılmış sənədlərə əsasən nasist işğalı dövrü ailəsinin keçdiyi ağrılı günləri xatırlayır, hadisələrin canlı təsvirini verir.


Amerikanın ilk qadın dövlət katibi kimi Madlen Olbrayt ABŞ-n xarici siyasətində özünün bacarıqlı diplomatik qabiliyyətlərilə yanaşı, həm də taxdığı sancaqlar və onlardan diplomatik təmas vasitəsi kimi istifadə etdiyinə görə də tanınır.


Əslən Çexiyadan olan Madlen Olbrayt bijuteriya sənayesinə dəstək vermək üçün müxtəlif bəzək əşyaları, o cümlədən, sancaqlar taxırdı. Lakin sonradan o, bəzək əşyalarından təkcə ziynət əşyası kimi deyil, həm də diplomatik danışıqlarda dünya liderlərinə mesaj göndərmək üçün istifadə etmişdir. Ruslar hətta ABŞ dövlət katibinə “Madam Broşkina” təxəllüsü vermişdi.


Madlen Olbraytın 200-dən çox müxtəlif broşkadan ibarət zəngin kolleksiyası onun klassik geyinməyi bacaran və eleqant bir xanım olduğunu bir daha sübut edir. 2009-cu ildə xanım Olbrayt “Sancaqlarımdan oxuyun” adlı kitabında şəxsi sancaq kolleksiyası və broşkalarından bəhs etmişdir.

Sancaqlardan diplomatik bir vasitə kimi istifadə etmək fikri onda birinci Körfəz müharibəsi zamanı yaranmışdır. Özü dediyi kimi, bu ideya ilə o, Səddam Hüseynə borcludur.

Madlen Olbrayt Səddam Hüseyni BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə görə kəskin tənqid etdikdən sonra İraq liderinin saray şairi onu "tayı-bərabəri olmayan ilan" adlandırmışdır. Bundan sonra İraq liderlərilə görüşə gedən xanım Olbrayt diplomatik mesajını ilan sancağı taxaraq çatdırmaq qərarına gəlmişdir.

Sancaqlar və broşkalar o vaxtdan Madlen Olbraytın diplomatik dəst-xəttinin ayrılmaz bir hissəsinə çevrilmişdir. O bu sancaqlar vasitəsi ilə danışıqlar prosesinin vacibliyini vurğulamaq, hadisələrə öz münasibətini göstərmək və Amerikanı təmsil etdiyini görə iftixar hissini göstərməyə çalışırdı.

2000-ci ildə o zaman Rusiyanın Xarici İşlər naziri İqor İvanovla anti-ballistik raketlərə dair müqavilə ətrafında müzakirə apardıqda Madlen Olbrayt raket tutan qurğu şəklində sancaq taxmışdı. Rusiya prezidenti Vladimir Putin ABŞ rəsmilərinə demişdi ki, o,danışıqların əhval-ruhiyyəsini Madlen Obraytın hansı sancaq taxması ilə müəyyən etməyə çalışacaq.

Dövlət katibi Olbraytın böyük həyat təcrübəsini əks etdirən bəzək sancaqları kolleksiyası illər keçdikcə daha ciddi sınaqlar və dəyişikləri əhatə edərək böyümüşdür.


ABŞ-ın keçmiş Dövlət katibi Madlen Olbrayt Vaşinqton yaxınlığında Virciniya ştatında yaşayır. Yüksək səviyyədə diplomatik karyerasını başa çatdırdıqdan sonra Madlen Olbrayt özünün adını daşıyan məsləhət şirkəti yaratmışdır. Xanım Olbrayt ABŞ-ın Milli Demokratiya institutunun sədri vəzifəsində çalışır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG